“Kümə (Histamin) baş ağrısı nədir və nə vaxt nevroloqa müraciət olunmalıdır?”
Kümə (Histamin) baş ağrısı miqren və gərginlik tipli baş ağrıları kimi tez-tez rast gəlinməsə də, müalicə tələb edən və insanı gecə yuxudan oyandıracaq qədər şiddətli olan baş ağrısıdır. Baş ağrısı gün ərzində bir neçə dəfə tutma şəklində olub, bir ağrı tutmasının müddəti 15 dəqiqə ilə 3 saat arasında dəyişməkdədir. Baş ağrısı ani başladığı kimi, ani də bitir. Xəstələr adətən səhər və ya yatdıqdan bir neçə saat sonra ortaya çıxan baş ağrısından şikayətlənirlər.
Kümə baş ağrısından əziyyət çəkənlər tutmaların dəqiq vaxtı varmış kimi günün eyni saatlarında baş verdiyini vurğulayırlar. Bu xəstələrdə baş ağrısı çox vaxt aralıqlı epizodlar (bir neçə həftəlik) şəklində ortaya çıxır. Kişilərdə qadınlara nisbətən daha tez-tez rast gəlinir. Kümə baş ağrıları zamanı yaranan simptomlar:
• Birtərəfli göz ətrafında ağrı, şişkinlik;
• Eyni tərəfdəki gözdə qızartı, gözdən yaş axması;
• Burun axıntısı-tıxanıqlığı;
• Alın və ya üzdə tərləmə;
• Göz qapağında düşmə (gözün bağlanması).
Tam bilinməsə də, genetik meyllilik ve bəzi patologiyalar (kavernoz sinus patologiyası, anevrizma, arterio-venoz inkişaf qüsurları, infeksiya) risk təşkil etməkdədir. Eyni zamanda, ailədə bənzər baş ağrısının olması, alkoqol-siqaret istifadəsi, qəhvə və kofein istifadəsi, baş travması, yuxu düzənsizliyi bu xəstəliyin yaranmasına təsir edə bilər. Miqren və gərginlik baş ağrısından fərqli olaraq, kümə baş ağrısının qidalar, hormonal dəyişikliklər və ya stress kimi faktorlarla əlaqəsi yoxdur.
Xəstələr ağrı tutması vaxtı gərgin olur, bir yerdə dura bilmirlər. Ağrı tutmaları çox şiddətli olub (tutma zamanı intihar belə etdirəcək şiddətdə baş ağrısı), həm kəskin dövrdə, həm də profilaktik dövrdə tez təsir edən müalicəyə ehtiyac vardır. Tək bir dərmanla müalicəyə cavab verməyənlərdə bir neçə dərman kombinasiyası seçilə bilər. Davamlı kümə baş ağrılarında periferik sinir blokadası və cərrahi müalicədən istifadə edilə bilər.
Kümə tipli baş ağrınız varsa, səbəblərini müəyyənləşdirmək və ən uyğun müalicəyə başlamaq üçün həkim-nevroloqa müraciət etmək lazımdır. Əgər daha öncə baş ağrılarınız olubsa belə, öncəki ağrılarınıza bənzəməyən və anidən başlayan baş ağrısı yarandıqda nevroloq həkimə müraciət edilməlidir. Müayinə zamanı şübhələr yaranarsa, şüa görüntüləməsi (beyin KT-si, MRT, angioqrafiya) edilməlidir.
Kümə baş ağrılarının dəqiq diaqnozunun qoyulması və düzgün müalicəsinin təşkili bu şiddətli baş ağrısını nəzarətdə saxlamaqda əsas şərtdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB