Antibiotiklərdən düzgün istifadə qaydaları MÜSAHİBƏ

Mərkəzi Gömrük Hospitalının həkim-otorinolarinqoloqu Elvin Əzizov sualları cavablandırıb

18-24 noyabr “Ümumdünya Antibiotiklərlə bağlı Maarifləndirmə Həftəsi”dir. Qlobal miqyasda bütün dünyada qeyd edilən bu vacib tarixlə əlaqədar antibiotiklərdən düzgün istifadə ilə bağlı suallarımızı Mərkəzi Gömrük Hospitalının həkim-otorinolarinqoloqu Elvin Əzizov cavablandırıb.

2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirən Dr.Elvin Əzizov ordinatura və aspirantura təhsilini Ukraynada yerləşən Xarkov Diplomdansonrakı Tibb Akademiyasının otolarinqologiya kafedrasında almışdır. 2014-cü ildə o, Ukraynanın Kiyev şəhərindəki A.S.Kolomiyçenko adına Elmi Tədqiqat Otolarinqologiya İnstitutunda tibb elmləri namizədi elmi dərəcəsi almaq üçün "Ağırlaşmış sinusitli xəstələrdə cərrahi müalicənin fotohemoterapiya istifadəsi ilə optimallaşdırılması" mövzusunda dissertasiya müdafiəsi etmişdir.

2015-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-otolarinqoloq kimi çalışan Dr. Elvin Əzizov bir çox yerli və beynəlxalq konfranslarda məruzəçi və dinləyici qismində iştirak etmişdir. Eyni zamanda o sahəsi üzrə ölkəmizdə və dünya miqyasında aktiv fəaliyyət göstərən bir çox təşkilat və birliyin üzvüdür.

Elvin doktor, bildiyiniz kimi 18-24 noyabr tarixini bütün dünya “Ümumdünya Antibiotiklərlə bağlı Maarifləndirmə Həftəsi” olaraq qeyd edir. Bu günlə əlaqədar olaraq antibiotiklərdən düzgün istifadə ilə bağlı Sizə suallarım olacaq. Öncədən mövzu ilə əlaqədar suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm. Doktor ümumiyyətlə ilk növbədə oxucularımız üçün antibiotiklər nədir və nə zaman istifadə olunur sualını cavablandıra bilərsiniz ?

- Antibiotiklər müxtəlif mikroorqanizmləri məhv edir və onların çoxalmasının, eləcə də inkişafının qarşısını alır. Beləliklə antibiotiklər orqanizmin təbii müdafiə mexanizmləri hesabına mikroorqanizmləri dəf edən, bakterial infeksiyaların müalicəsində istifadə olunan mikrobəleyhinə preparatlardır. Məhz bu xüsusiyyətlərinə əsasən antibiotiklərdən dərman preparatları kimi geniş spektrdə istifadə edilir. Bir məsələni də vurğulamaq istərdim ki, antibiotiklər viruslara təsir etməsə də, virus xəstəlikləri zamanı ikincili bakterial infeksiyanın qarşısını almaq üçün onlardan istifadə edilə bilər.

Doktor, bildiyiniz kimi bəzən insanlar antibiotiklərdən özbaşına istifadə edirlər. Həkim təyinatı olmadan antibiotiklərdən uzun müddətli istifadə nələrə səbəb ola bilər?

- Antibiotiklər pərakəndə və özbaşına deyil, yalnız həkim təyinatı ilə qəbul edilməlidir. Antibiotiklərin təsir mexanizmi, hüceyrəyə daxil olaraq orada olan zərərli bakteriyaların məhv edilməsinə yönəlir. Lakin özbaşına və uzunmüddətli antibiotik qəbulu orqanizmdə olan lazımlı mikrofloranın məhvinə səbəb olur və qəbul edilmiş antibakterial preparatlara rezistentlik yaradır. Antibiotiklər çoxlu qruplara bölünür. Hər bir qrup antibiotikə həssas mikrob və bakteriya mövcuddur. Yalnız həkim bu və ya digər antibiotikin hansı mikrofloraya həssas olduğunu diaqnostik, laborator və digər müayinə nəticələrinə əsasən təyin edə bilir. Bu zaman həkim pasientin orqanizminə zərər vermədən şəxsi kontrolu, eləcə də müalicə, dinamika və müşahidəsi əsasında tələb olunan müddət üçün lazımi dozanı müəyyənləşdirir. Əks halda pasientin özbaşına qəbul etdiyi antibiotik onun orqanizmi üçün faydalı olan bakteriyanı məhv edərək mikrofloranı poza və nəticədə immunitetin zəifləməsinə gətirib çıxara bilər. Beləliklə pasiyent antibiotiki düzgün seçmədiyi üçün öz orqanizmində olan bakteriyanın mutogenezinə və antibiotikə rezistentliyinə səbəb ola bilər.

Doktor faydalı məlumatlar üçün çoxsağolun. Hamımıza aydındır ki, 2020-ci ildə bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparmalı oldu. Təbii ki, mövcud pandemiya şəraiti insanların həssaslığına və haqqlı narahatçılığına səbəb oldu.

Hal-hazırda bəzi insanlar adi qrip əlamətlərində belə antibiotiklərdən istifadə edirlər. Bu baxımdan əminəm ki, bu sual bütün oxucularımız üçün maraqlıdır. Koronavirus infeksiyası üçün antibiotiklər nə dərəcədə effektivdir? Bu barədə oxucularımızı məlumatlandıra bilərsiniz?

- Qeyd etdiyim kimi, antibiotiklər virusları məhv etmir və onlarla mübarizə aparmır. Bəzən virus infeksiyası zamanı orqanizmin virusla mübarizədə immuniteti zəifləyir və nəticədə orqanizmdə ikincili bakterial infeksiya yaranır. Məhz bu zaman həkim nəzarəti və təyinatı ilə müvafiq qrup antibiotikdən istifadə edilə bilər. Mövcud pandemiya şəraitində COVİD-19 virusunun törətdiyi koronavirus infeksiyası zamanı da eyni şəkildə özbaşına antibiotiklərin qəbulu mədə-bagırsaq xəstəlikləri, bronxların spazmı və aritmiyaya səbəb olaraq xəstənin vəziyyətinin ağırlaşmasına səbəb ola bilər. Virus infeksiyası zamanı adətən virus əleyhinə preparatlardan istifadə edilir. Buna baxmayaraq COVİD-19 virusunun törətdiyi xəstəlik zamanı ağciyərlərdə baş verən atipik pnevmoniya ən çox rast gəlinən ağırlaşma olduğundan həkim nəzarəti altında müvafiq diaqnostik müayinələrdən sonra antibakterial müalicə antibiotiklərlə aparıla bilər.

Sizin də qeyd etdiyiniz kimi pasientlərin bəziləri COVİD-19 virusundan qorunmaq üçün profilaktika məqsədi ilə özbaşına antibiotiklər qəbul edirlər. Təbii ki, bu çox yanlış addımdır. Belə insanlar əksinə öz orqanzimlərinin mikrob balansını pozmaqla immunitetlərini zəiflədib risk qrupuna düşə bilərlər. Çünki təcrübə göstərir ki, bəzi hallarda az doza ilə uzunmüddətli antibiotikoterapiya nisbətində yüksək dozada qısamüddətli antibiotik qəbulu ikincili bakteriya ilə daha effektiv mübarizə aparır. Profilaktika məqsədi ilə qəbul olunmuş müxtəlif qrup antibiotiklər orqanizmdə antibiotik rezistentliyi yaradır. Bu isə ehtiyac olduğu halda təyin edilən antibiotikin effekt verməməsinə və xəstəliyin gedişinin ağırlaşmasına səbəb olur.

Düşünürəm ki, bu vacib məlumat xüsusilə pandemiya dövründə özbaşına antibiotik istifadə edənlər üçün açıq mesaj olar və onlar artıq özbaşına antibiotik qəbulunu dayandırarlar.

Elvin doktor, bəzi mənbələrdə antibiotiklərdən qeyri düzgün istifadənin xərçəngə səbəb olduğu ilə bağlı məlumatlar əks olunur. Bu nə dərəcədə doğrudur? Antibiotiklərdən qeyri-düzgün istifadə xərçəngə səbəb ola bilər?

- Antibiotiklər və onkologiya həmişə tibbin ən mübahisəli mövzusu olub. Bəzi antibiotiklər sitostatik təsirə malik olduğu üçün onkologiyada istifadə edilir. Bəzən onkoloji xəstəliklər zamanı immunitet zəiflədiyi üçün orqanizmdə bu və ya digər bakterial infeksiya aktivləşərək xroniki və birincili xəstəliklərin baş qaldırmasına səbəb olur. Bu zaman həkim təyinatı ilə müvafiq qrup antibiotiklər istifadə edilə bilər. Lakin sağlam insan özbaşına və həkim təyinatı olmadan uzunmüddətli müxtəlif qrup və orqanizminə lazım olmayan antibiotiklər qəbul edərsə, bu ilk növbədə yoğun bağırsaq xərçənginin yaranması üçün risk amili sayılır. Həmçinin, uzunmüddətli antibiotik qəbulu orqanizmdə metabolizm pozğunluğu və oksidləşdirici stressin yaranmasına səbəb olduğu üçün onkoloji xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Çünki oksidləşdirici stress öz növbəsində onkoloji xəstəliklərin etiologiyasında səbəb faktoru kimi əks olunur.

Doktor sonda antibiotiklərdən düzgün istifadə ilə bağlı oxucularımıza nə tövsiyə etmək istərdiniz?

- Bir daha qeyd etmək istərdim ki, antibiotiklər yalnız həkim təyinatı ilə, müəyyən edilmiş dozaya və müddətə uyğun şəkildə qəbul edilməlidir. Antibiotiklərdən özbaşına istifadə qəbuledilməzdir. Pasiyentlərin bu addımı onların xəstəliyini ağırlaşdırmaqla yanaşı həm də həkimlərin işini çətinləşdirir. Nəticədə xəstənin sağalması və xəstəliyin müalicə müddəti uzanır. Bu baxımdan hərkəsdən sağlamlıqlarına qarşı diqqətli olmalarını, hər hansı şikayətləri olduqda mütləq şəkildə zamanında həkimə müraciət etmələrini və həkimin göstərişlərinə uyğun olaraq dərman qəbul etmələrini xahiş edərdim. Bu halda biz antibiotiklərə qarşı yarana biləcək rezistentliyi aradan qaldıra və xəstəliyin daha tez bir müddətdə müalicə edilməsinə nail ola bilərik.

Elvin doktor bir daha maraqlı müsahibəyə görə Sizə minnətdarlığımı bildirirəm. Çoxsağolun.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə