Tanınmış kardioloqlar naxçıvanlı həmkarları ilə təcrübə mübadiləsi aparıblar

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə, uğurlu strategiyaya əsaslanan inkişaf yolunun sədaqətlə davam etdirilməsi digər sahələrlə yanaşı, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm rol oynayır. Bu fikirlər Naxçıvan Muxtar Respublika Xəstəxanasında Azərbaycan Kardiologiya Cəmiyyətinin İnvaziv, Periferik və Serebrovaskulyar İşçi qruplarının təşkilatçılığı ilə keçirilən elmi konfransda səsləndirilib.

Konfransın açılışında çıxış edən Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, artıq ölkəmizdə, o cümlədən muxtar respublikada yeni nəsil yüksək ixtisaslı kardioloqlar yetişib. Azərbaycanlı kardioloqlar öz bilik və bacarığı ilə dünya səviyyəsində tanınır. Göstərilən dövlət qayğısı nəticəsində bu gün səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla, yeni texnologiyalarla müayinə və müalicə işləri aparılır. Yüksəkixtisaslı həkimlər angioqrafiya, kompüter tomoqrafiyası, rəqəmsal rentgenoqrafiya, mammoqrafiya, hemodializ, nüvə maqnit rezonansı və bir çox müasir aparatlarla xəstələrə xidmət edir, müstəqil şəkildə TUR, açıq ürək, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatları yerinə yetirirlər.

“Ötən müddətdə Diaqnostika Müalicə Mərkəzində süni ağciyər - Ekstrakorporal Membran Oksigenasiya aparatı quraşdırılıb, səhiyyə müəssisələrinə yeni təcili yardım avtomobilləri verilib, tibbi sığortanın tətbiqinə hazırlıq işləri ilə əlaqədar bütün rayon və şəhər tibb müəssisələrində proqram təminatının yaradılmasına başlanılıb”, - deyən Niyazi Novruzov qeyd edib ki, görülən işlərin davamı olaraq bu ilin may ayında Naxçıvan Diaqnostika Müalicə Mərkəzində yeni angioqrafiya aparatı alınaraq quraşdırılıb. Ürək-damar sistemi xəstəliklərinin erkən diaqnostikasında əvəzsiz rolu olan yeni angioqrafiya aparatının istifadəyə verilməsi muxtar respublikada səhiyyənin inkişafına göstərilən qayğının davamıdır. Bu gün Naxçıvan şəhərindəki Kardioloji Mərkəzdə də hərtərəfli şərait yaradılıb. Bütün bunlar xəstələrin müalicə üçün digər yerlərə üz tutmadan öz vətənlərində müalicə olunmalarına geniş imkanlar açır.

Çıxışının sonunda nazir konfransın işinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov belə konfransların Naxçıvanda keçirilməsinin artıq ənənə halını aldığını bildirib. Qeyd edib ki, tibbin müxtəlif sahələrində fəaliyyət göstərən yüksəkixtisaslı həkimlərin muxtar respublikaya dəvət olunması, onların buradakı həkimlərlə fikir mübadiləsi və birgə cərrahi əməliyyatlar aparması təcrübə mübadiləsi baxımından çox əhəmiyyətli məsələdir.

Konfransda çıxış edən Milli Məclisin deputatı, tanınmış ürək cərrahı Rəşad Mahmudov çıxış edərək bildirib ki, səhiyyənin modernləşdirilməsi, infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması və ən müasir avadanlıqlarla təchiz edilməsi, səhiyyənin informasiyalaşdırılması, bu sistemin yeni dövrün tələblərinə uyğunlaşdırılması əhalinin sağlamlığının etibarlı təminatına geniş imkanlar açır.

Rəşad Mahmudov səhiyyənin ayrı-ayrı sahələri üzrə tibbi xidmətin əhatə dairəsinin genişləndirilməsində və keyfiyyətinin artırılmasında ölkə rəhbərinin tapşırıqlarının icrasının, dövlət proqramlarının həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, yerli həkimlərin xarici ölkələrdə ixtisasartırma kurslarına göndərilməsi və onların vətənə qayıdaraq əhalinin sağlamlığının keşiyində dayanması da mühüm məsələlərdən biridir.

“Muxtar respublikada səhiyyə sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi, müasir xəstəxanaların tikilərək istifadəyə verilməsi və yüksəkixtisaslı kadrların hazırlığına diqqətin artırılması nəticəsində yaradılan müasir səhiyyə sistemi hər birimizdə fəxarət hissi doğurur”, - deyən Rəşad Mahmudov konfransın əhəmiyyətindən bəhs edib, qarşılıqlı təcrübə mübadiləsinin önəmini vurğulayıb.

Türk Dünyası Kardiologiya Birliyinin vitse-prezidenti Fərid Əliyev ölkəmizin tibb sahəsində əldə etdiyi uğurlardan danışıb, muxtar respublikanın dünəni ilə bu günü arasındakı böyük fərqi diqqətə çatdırıb. Bildirib ki, vaxtilə muxtar respublikada demək olar, bütün səhiyyə müəssisələri köhnəlmiş binalarda fəaliyyət göstərirdi. Onların maddi-texniki bazası isə çox aşağı səviyyədə idi. Bu gün biz tamamilə başqa bir mənzərənin şahidi oluruq. Muxtar respublikadakı bütün səhiyyə müəssisələri ən müasir memarlıq üslubunda tikilən və ya bərpa olunan binalarda fəaliyyət göstərir. Burada müasir dövrün tələblərinə cavab verən tibbi avadanlıqlar quraşdırılıb, peşəkar həkim heyəti formalaşıb. Bu gün Naxçıvan səhiyyə sahəsində çox böyük uğurlara imza atıb.

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Tofiq Cahangirov çıxış edərək qeyd edib ki, cəmiyyət rəsmi olaraq 2009-cu ildən fəaliyyət göstərir. Hazırda cəmiyyətin 747 üzvü, 23 işçi qrupu vardır. Cəmiyyət hər ay aylıq konfranslar keçirir. Son illərdə belə tədbirlər daha çox regionlarda təşkil edilir ki, Naxçıvanda keçirilən konfrans da bunun davamıdır.

Sonra Tofiq Cahangirov Azərbaycan Kardiologiya Cəmiyyəti adından Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzova xatirə plaketi təqdim edib.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə