“Hazırda Azərbaycanda “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair” 2016-2020-ci illəri əhatə edən 3-cü dövlət proqramı yerinə yetirilir. Dövlət proqramları çərçivəsində qan xidməti müəssisələrinin lazımi avadanlıqlarla, qan tədarükü üçün konteynerlərlə, qan testlərinin aparılmasına lazım olan reaktivlərlə təmin edilməsi məsələləri həll edilib, qan xidməti şəbəkəsi və onun fəaliyyəti modernləşdirilib və optimallaşdırılıb. Nəticədə donorların sayı 4 dəfə artıb”. Bunu SİA-ya B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Bütün donorların könüllü və təmənnasız olduğunu deyən institut direktoru söyləyib ki, son illərdə qan xidmətinin əsas göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb:
“Heydər Əliyev Fondunun çağırışlarına əsasən könüllü qan vermə aksiyaları təkcə Bakı şəhərində deyil, respublika bölgələrinin müəssisə və təşkilatlarında təşkil edilir. Ümumiyyətlə, Respublika üzrə 2010-cu ildə qan verən donorların sayı 46530 nəfər olmuşdursa 2016-cı ildə bu rəqəm 85 803təşkil edir. Respublika üzrə 2010-cu ildə 21 ton 131 litr qan tədarük edilmişdirsə, 2016-cı ildə bu rəqəm 40 ton 327 litrə qədər yüksəlib”.
Z. Əlimirzəyevanın sözlərinə görə, Fövqəladə vəziyyətlərdə zərərçəkənlərin qan məhsulları ilə təmin edilməsi üçün lazım olan ehtiyatlar toplanıb: “Ehtiyacı olan bütün xəstələri və fövqəladə vəziyyətlər zamanı zərərçəkənlərin qan komponentləri ilə təmin edilməsi üçün daha çox sayda vətəndaşların donorlar sırasına cəlb edilməsi istiqamətində işlərin davam etdirilməsi vacibdir. Son illərdə televiziyada, radioda, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə aparılan maarifləndirmə və təbliğat nəticəsində insanların donorluğa göstərdiyi rəğbət artmaqdadır. Bunun nəticəsi olaraq daha çox insan donorluq edir, qan tədarükü və yardım olunan xəstələrin sayı çoxalır”.
Qeyd edək ki, 14 iyun tarixi Ümumdünya qan donoru günü kimi qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB