M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq Cərrahiyyə Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncam və Səhiyyə Nazirliyinin müvafiq əmri əsasında yaradılıb. Mərkəz fəaliyyətə başladığı andan maddi-texniki təchizat istiqamətində ciddi işlər görülüb, Türkiyə, Polşa, RF, Almaniya və digər Qərb ölkələrinin müvafiq mərkəzlərində hazırlıq keçmiş kadr potensialı formalaşdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, artıq 2011-ci ildən Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq Cərrahiyyə Mərkəzində ürək əməliyyatlarının keçirilməsinə başlanılıb. Fəaliyyətə başladığı andan 2015-ci ilə kimi Mərkəzdə mindən artıq uşaq ürək əməliyyatı aparılıb. Bu əməliyyatların 100-ü qapalı, qalanları isə açıq ürək əməliyyatları olub. Mərkəzdə uşaqların kardiocərrahiyyə əməliyyatları müvafiq növbə əsasında həyata keçirilir. Aparılan əməliyyatlar beynəlxalq norma və standartlar səviyyəsindədir. Bütün əməliyyatların təchizatı tamamilə dövlət hesabına, ödənişsiz həyata keçirilir.
İldən ilə Mərkəzdə həyata keçirilən uşaq ürək əməliyyatlarının sayı artır. Əgər fəaliyyətə başladığı ildə burada 72 uşaq əməliyyat olunubsa, 2015-ci ildə bu göstərici 300-ü aşıb. Mərkəzdə hətta 1 günlük, 4 günlük uşaqların ürəklərində əməliyyat aparılır.
Həyata keçirilən tədbirlər nəticəsində ürək əməliyyatı gözləyən uşaqların sayı azalıb. Əgər, 2011-2012-ci illərdə Azərbaycanda 700-800 uşaq kardiocərrahiyyə əməliyyatı üçün növbə gözləyirdisə, indi bu göstərici 100-ə qədər enib.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, bütün dünya ölkələrində uşaqların anadangəlmə ürək qüsurlarına rast gəlinir. Dünyada doğulan hər min uşağın orta hesabla 8-12-də bu və ya digər ürək qüsuruna təsadüf edilir. Qüsurun yaranmasının əsas səbəbləri ananın keçirdiyi infeksion xəstəliklər, ətraf mühütün çirklənməsi və sair amillərdir. Bu və digər amillərin təsiri nəticəsində ana bətnində uşağın ürəyinin pərdələri arasında deffekt, qapaqların və ya damarların qüsuru formalaşır. Bəzən ürəyin bir deyil, bir neçə qüsuru yaranır. Keçən əsrin 20-ci illərindən başlayaraq ürək qüsurunun aradan qaldırılması üzrə əməliyyatların aparılması uşaqların həyat fəaliyyətinin normallaşdırılmasına şərait yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB