Oklahoma Universiteti və ATU arasında saziş imzalanıb

Oklahoma Universiteti və ATU arasında saziş imzalanıb

ABŞ-ın Oklahoma Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olub. ATU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı rektor, akademik Əhliman Əmiraslanov Azərbaycanda tibb elminin inkişafı sahəsində dövlət səviyyəsində görülən işlərdən, gələcək həkimlərin təhsili üçün yaradılan imkanlardan danışıb. Rektor bildirib ki, məhz müstəqillik illərində Azərbaycan dövlətinin iradəsi sayəsində tibb təhsili və tədrisində yüksək səviyyəyə çatmaq mümkün olub.

Universitetin nəzdində son illərdə yaradılan klinikaların fəaliyyətindən danışan Ə.Əmiraslanov nümayəndə heyətinin rəhbəri, general Robbie L. Asherini Oklahoma Universitetinə yeni baş komandan təyin olunması münasibətilə təbrik edərək ona işlərində uğurlar və can sağlığı arzulayıb.

Robbie L. Asheri də öz növbəsində ATU rəhbərliyinə dəvət və ayrılan diqqət üçün xüsusi təşəkkürünü çatdırıb. O, Oklahoma Universiteti ilə Azərbaycan Tibb Universiteti arasındakı sıx əlaqələrdən danışıb, tibb sahəsindəki qarşılıqlı münasibətlərin bundan sonra da dərinləşməsində maraqlı olduğunu qeyd edib.

Qeyd edək ki, sonda hər iki təhsil müəssisəsinin rəhbərləri tərəfindən qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə