10 minə yaxın sakin tibbi müayinədən keçib

10 minə yaxın sakin tibbi müayinədən keçib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, vətəndaşların pulsuz tibbi müayinələrə cəlb olunması Lənkəran rayonunda da mütəşəkkil qaydada davam edir. Rayon mərkəzi xəstəxanası baş həkiminin müavini Taleh Məmmədli azərtac-a eksklüziv müsahibəsində bildirib ki, humanitar aksiya ilə bağlı rayonun iki böyük səhiyyə ocağında-Lənkəran Rayon Mərkəzi Xəstəxanasında və Müalicə-Diaqnostika Mərkəzində yüksək ixtisaslı və təcrübəli həkim briqadaları sakinlərin tibbi müayinələri aparılır.

Aksiyaya başlanıldığı gündən səhiyyə müəssisələrinin terapevt, oftalmoloq, otolorinqoloq, ginekoloq, cərrah, nervpotoloq və dermotoloqlardan ibarət 7 nəfərlik 5 həkim briqadası isə cədvələ uyğun olaraq hər gün səhər saat 9-dan saat 16-dək rayon mərkəzindən uzaq ərazilərdə sakinlərin tibbi müayinələrini həyata keçirir.

Taleh Məmmədli diqqətə çatdırıb ki, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivlərinin müayinə olunmaları üçün cədvələ uyğun ardıcıl olaraq müəyyən günlər nəzərdə tutulsa da, sakinlər üçün hər hansı bir gün məhdudiyyəti yoxdur. İstənilən vətəndaş müayinələrin keçirildiyi tibb müəssisəsinə gələrək bu xidmətdən istifadə edə bilər. Öz şəxsiyyət vəsiqəsi ilə müraciət edən vətəndaşlara məhz bu xidmət üçün tərtib olunan xüsusi profilaktik müayinə blankı təqdim edilir. Bu blankda əsas 7 tibb sahəsi üzrə müayinələr aparılır.

Tibbi müayinə ilə əlaqədar müraciət edənlər ilk olaraq xəstəxananın poliklinika şöbəsində peşəkar həkimlər tərəfindən dinlənildikdən sonra müayinədən keçirilir. Əgər vətəndaşda hər hansı bir qeyri-sağlam hal aşkarlanarsa, bundan sonra o, daha dərin hesab olunan instrumental müayinəyə cəlb edilir və prosesdən asılı olaraq lazım gələrsə müalicə üçün xüsusi göndərişlə müvafiq səhiyyə müəssisəsinə göndərilir.

Baş həkimin müavini bildirib ki, aksiyanın başlanmasından ötən qısa müddətdə Lənkəran rayonunda 10 min nəfərə yaxın sakin tibbi müayinədən keçib. Müayinələr zamanı xəstə olduqları aşkarlanan 40 sakin yerli səhiyyə müəssisələrinə, 4 nəfər isə müalicə üçün Bakı şəhərindəki tibb ocaqlarına göndərilib. Aşkar olunan xəstəliklər arasında göz, nevroloji və ürək-damar xəstəlikləri çoxluq təşkil edir.

Rayon sakinləri humanitar aksiyanın yüksək səviyyədə təşkilindən razılıqlarını ifadə edərək onların sağlamlığının qayğısına qalan dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə