Səhiyyə Nazirliyində 2013-cü ilin yekun hesabatlarına həsr olunmuş Kollegiya iclası keçirilib

Səhiyyə Nazirliyində 2013-cü ilin yekun hesabatlarına həsr olunmuş Kollegiya iclası keçirilib

Səhiyyə Nazirliyində 2013-cü ilin yekun hesabatlarına həsr olunmuş Kollegiya iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda çıxış edən nazirliyin şöbə müdiri Gülmirzə Poladova səhiyyə sahəsində 2013-cü il ərzində görülmüş işlər barədə danışaraq bildirib ki, son illər ərzində səhiyyənin inkişafı istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilir. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiyasına zəmin yaradıb.

Onun sözlərinə görə, səhiyyənin inkişaf tendensiyası 2013-cü ildə də davam etdirilib və nəticədə tibbi demoqrafik və səhiyyə göstəriciləri yaxşılaşıb. Belə ki, son 10 il ərzində doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,9-dan 18,6-a qalxıb, ölüm isə 6,0-dan 5,9-ə düşüb. Təbii artım 7,9-dan 12,7-dək yüksəlib ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir: "Respublikada səhiyyəyə ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə 11 dəfədən çox artaraq hazırda təxminən 669 milyon manat təşkil edib. 2014-cü il üçün 725 milyon vəsait nəzərdə tutulub ki, bu da 2013-cü illə müqayisədə 8%-dən çox artım deməkdir. Son 10 il ərzində ümumilikdə 500-ə yaxın səhiyyə müəssisəsində təmir və tikinti işləri aparılıb. Onlardan təxminən 70%-i regionların payına düşür. Təkcə 2013-cü il ərzində 81 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb. Bunlardan 43-ü Bakı şəhərində, 38-i isə regionlarda yerləşən səhiyyə müəssisələridir. 56 tibb müəssisəsində (33-ü - Bakı, 23-ü - rayon) təmir işləri başa çatdırılıb və istifadəyə verilib. Bundan əlavə ən müasir səviyyədə inşa və təchiz edilən Bakı Sağlamlıq Mərkəzi də yaxın günlərdə istifadəyə veriləcək".

Şöbə müdiri qeyd edib ki, əhaliyə göstərilən tibbi xidmətin həcminin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilib və büdcədən maliyyələşdirilən dövlət proqramlarının xüsusi rolu olub: "Təkcə 2013-cü ildə proqramların icrası məqsədilə 80,1 milyon manat vəsait sərf olunub. İlbəil proqramların icrasına ayrılan vəsait artırılır. 2014-cü ilə 86,0 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Proqramların əhatə etdiyi sahələr üzrə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, irsi qan xəstəliyi, böyrək çatışmazlığı və s. xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlib, bu xəstəliklər üzrə müayinələrin həcmi artırılıb, xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Nəticədə bu xidmət növlərinin keyfiyyətini xarakterizə edən göstəricilərdə nəzərəçarpacaq müsbət dinamikaya nail olunub. Belə ki, şəkərli diabet xəstələrinin aşkar edilməsi işinin yaxşılaşdırılması nəticəsində qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artması ilə bərabər bu xəstəlik səbəbindən ölüm göstəricisi hər 100 min nəfərə 2,6 dəfə aşağı enib".

Bədxassəli şişlərlə mübarizə işində nəzərəçarpacaq irəliləyişin əldə olunduğunu deyən Gülmirzə Poladova vurğulayıb ki, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılıb. Milli Onkoloji Mərkəz ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilib: "Əgər, 2006-cı ildə onkoloji xəstələr üçün 14 adda kimya terapiyası dərmanları alınıbsa, 2012-ci ildə 46 və 2013-cü ildə bunların sayı 58-ə çatdırılıb. Görülən tədbirlər nəticəsində onkoloji xəstəliklərin aşkarlanması işi yaxşılaşıb. Bu xəstəlikdən ölüm göstəricisinin son 10 il ərzində stabilləşməsinə nail olunub. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri idi. Bu problem də ölkə Prezidentinin qayğı və diqqəti nəticəsində öz həllini tapıb".

Şöbə müdirinin sözlərinə görə, hər il Respublikanın bölgələrində yeni mərkəzlər açılır: "Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 30, o cümlədən regionlarda 23 mərkəzdə 2300-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. Təkcə 2013-cü ildə 9 yeni hemodializ mərkəzi açılıb və onlarda 102 dializ aparatı quraşdırılıb. Beləliklə bu müalicəni almaq üçün pasiyentlərin növbə gözləmək problemi aradan qaldırılıb. Eyni zamanda onların yaşadıqları əraziyə yaxın mərkəzdə bu seansların alınması problemi də demək olar ki, həll olunub. Bu xəstələrin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatlarının sayı da artıb. 2013-cü ildə respublikada 60, o cümlədən dövlət xəstəxanalarında 57 belə əməliyyat icra olunub. Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyinin bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib".

Respublikada həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamikanın müşahidə olundüğunu deyən Gülmirzə Poladova qeyd edib ki, əgər 2003-cü ildə respublikada körpə ölümü göstəricisi 16,7 promilli idisə, 2013-cü ildə bu rəqəm 10,8-ə bərabər olub: "Ana ölümü əmsalı 2003-cü illə müqayisədə 18,5-dən 2013-cü ildə 14,5-a enib".

Çıxışlardan sonra 2013-cü ilin yekunlarına qısaca nəzər salan nazir Oqtay Şirəliyev əvvəllər ölkəmizdə barmaqla sayılacaq qədər təmir və təchiz olunmuş tibb müəssisəsinin azlığını desə də, hazırda ölkəmizin inkişafına uyğun tam standartlara cavab verən tibb müəssisələrinin sayının artmasının sevindirici hal kimi qeyd edib.

Nazir qeyd edib ki, bu gün istər regionlarda istərsə də paytaxtda yaradılan şərait əhaliyə lazımı tibbi xidmət göstərmək üçün bir çox imkanlar açıb: "Ürək-damar cərrahiyyəsi əvvəlki illərlə müqayisədə çox yüksək səviyyədədir. Əvvəllər bu sahə daim Milli Məclisdə müzakirə olunurdu, çoxlu iradlar bildirilirdi. Bu gün xüsusi diqqət və qayğı sahəsində kardiocərrahiyə sahəsi inkişaf edib, və təkmilləşmiş mütəxəssislərimizin sayı xeyli artıb".

Nazir bildirib ki, ümumilikdə böyük uğurlar qazanılıb, nailiyyətlər əldə edilib və bu rəqəmlərlə statistik göstərilib: "Lakin buna baxmayaraq bizim hələ görüləsi işlərimiz çoxdur və hər birimiz hədəfimizi bilirik. Çalışmalı olduğumuz əsas sahələrdən biri də ana və uşaq ölümü faktıdır. Bu sahədə sıçrayış olmasa da stabil, dinamik irəliləyişlər var. Həkimlərimizin işi təkcə xəstəni müalicə etməklə kifayətlənməməlidir, həkim həmdə psixoloq olmalıdır. Onlar xəstəyə diqqət və qayğı ilə yanaşmalıdır. Bu baxımdan ATU-nun, habelə Həkimlərin Təkmilləşmə İnstitutunun üzərinə böyük məsuliyyət düşür. Bu müəssisələr bacarıqlı həkimlə yanaşı cəmiyyətə idarəçilik bacarıqları olan vətəndaş yetirməlidirlər. Kadr islahatları sahəsində böyük inqilabi addımlar atılıbdır ki, bu həm həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbuluna, həkimlərin sertifikasiyası, diplomdan sonrakı təhsil və s. layihələrdir. Bütün bu layihələr bu gün ölkəmizdə tam ixtisaslaşmış mütəxəssisin yetişməsinə imkan yaradır. Vətəndaşlarımız artıq xarici ölkələrə müalicə və yaxud da cərrahi əməliyyat üçün müraciət etmirlər. Bunun üçün ölkəmizdə çox güclü bazamız var".

Daha sonra O.Şirəliyev sanitar- epidemioloji duruma, elektron xidmətlərin tətbiqinə, Səhiyyə Nazirliyinə gələn müraciətlərin sayına dair məlumat verib. Çıxışının sonunda Oqtay Şirəliyev Səhiyyə Nazirinin əmri ilə Səhiyyədə qüsursuz və səmərəli fəaliyyətindəki xidmətlərinə görə "Səhiyyə əlaçısı" döş nişanları və Fəxri fərmanlarla təltif olunmuş şəxslərə nişan və diplomları şəxsən təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə