Zeytun yağının faydaları NƏLƏRDİR? - DİETOLOQ AÇIQLADI

"Zeytun yağı, xüsusilə də sızma (soyuq sıxım) zeytun yağı, sağlamlıq baxımından çox dəyərli bir qida hesab olunur. Aralıq dənizi pəhrizinin əsas komponentlərindən biri olan bu yağ, həm daxili, həm də xarici istifadədə orqanizmə müsbət təsirlər göstərir". Bu sözləri SİA-ya açıqlamasında diyetoloq Ləman Süleymanova deyib.

Onun sözlərinə görə, zeytun yağının faydalarından biri də ürək-damar sağlamlığını qorumasıdır. Zeytun yağı monodoymamış yağ turşuları ilə zəngindir: "Bu yağ turşuları pis xolesterini (LDL) azaldır, yaxşı xolesterini (HDL) isə artırır. Həmçinin tərkibindəki antioksidantlar və polifenollar damarların sağlamlığını qoruyaraq infarkt və digər ürək-damar xəstəlikləri riskini azaldır. Zeytun yağı həm də güclü antioksidant təsirə malikdir. Zeytun yağı E vitamini və polifenollarla zəngindir. Bu maddələr hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyur, yaşlanma prosesini yavaşladır və bəzi xərçəng növlərinə qarşı qoruyucu təsir göstərə bilər. Zeytun yağının faydalarından biri də həzm sisteminin dəstəklənməsinə yardım göstərir. Zeytun yağı mədə turşusunu balanslaşdırmağa kömək edir, xora və qastrit kimi problemlərin qarşısını ala bilər. Qaraciyər və öd kisəsinin fəaliyyətini dəstəkləyərək həzmi asanlaşdırır. Zeytun yağında olan oleokantal maddəsi iltihab əleyhinə təsirə malikdir. Bu xüsusiyyət artrit və digər iltihablı xəstəliklər zamanı rahatlıq verə bilər. Zeytun yağı həm də, dəri və saç üçün faydalıdır. Zeytun yağı nəmləndirici və qoruyucu xüsusiyyətə malikdir. Dəriyə tətbiq edildikdə onu qidalandırır, quruluğu azaldır. Saçlara parlaqlıq və möhkəmlik verir, saç dərisini də bəsləyir. Zeytun yağı insulin həssaslığını artırır və qan şəkərinin səviyyəsini nizamlayaraq şəkər xəstələri üçün də faydalı ola bilər. Zeytun yağı doyurucudur və uzun müddət toxluq hissi yaradır. Bu səbəbdən, düzgün porsiyada istifadə edildikdə arıqlamaq istəyənlər üçün də uyğundur. Ən faydalı nəticə üçün soyuq sıxım sızma zeytun yağını seçmək və onu mümkün qədər çiy formada, məsələn salatlara əlavə edərək istifadə etmək tövsiyə olunur. Qızdırıldıqda bəzi faydalı maddələr itə bilər".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə