"Uşaqlarda skolioz əməliyyatına qətiyyən razı deyiləm" - HƏKİM DANIŞDI

"Onurğa əyriliyi, skoliozlar, digər onurğa problemləri nəinki gənclərdə, hətta balaca uşaqlarda da çox müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında fizioterapevt Vəfa Xankişiyeva deyib.

O bildirib ki, ən çox bu problemlərin artması pandemiyadan sonra başladı: "Çünki distant təhsil zamanı uşaqlar telefondan istifadə edirdilər. Hər kəsin evində məktəbli üçün nəzərdə tutulan dərs masası yoxdur. Kimisi divanın üzərində əyləşib dərsə qoşulurdu, kimisi də birotaqlı evdə yaşayırdı, şəraiti olmurdu. Dərsi izləyərək yazmaq, qeydlər etmək çətin idi. Həmin vaxtlardan indiyə qədər bu statistika çoxalıb. Yaş keçid dövrünə keçən uşaqlarda belə skalioz, kifoz çoxalıb. O vaxta qədər də var idi. Nəzərə alsaq ki, birinci dərəcəli skolioz olduğu kimi də qalmır. 2, 3, 4-cü dərəcəli skoliozun əlçatan qədər yaxınlığındadır. Uşaqlarda skolioz əməliyyatına qətiyyən razı deyiləm. Çünki orada, onsuz da, bir məntiq var. Bizim fəqərələr arasında olan əzələlərin zəifliyidir buna səbəb.

Müalicə üçün üzgüçülükdən istifadə etmələrini məsləhət görürəm. Zəif əzələlərimiz onurğanın kənarında yerləşir. Bir də güclü əzələ var ki, müalicəsiz, reabilitasiyasız bərpaedici prosedurlar olmadan əgər idmana müraciət etsək, zəiflər bir az da zəifləyir, güclülər bir az da güclənir. Ona görə də burada heç bir skoliozun bərpasından söz gedə bilməz. Bioenergetik üsulla 2018-ci ildən indiyədək çoxlu sayda nəticələr almışıq. Üçüncü dərəcədən sonra həkimlərin çoxu əməliyyatı məsləhət görürlər. Amma əməliyyat çıxış yolu deyil. Bizim bütün dərəcələri bioenergetik üsulla gözəl şəkildə bərpa etmək fürsətimiz var. Bütün valideynlərə bunu tövsiyə edirəm.

Vaxtında müalicə olunmazsa, problem çox ciddi fəsadlara gətirib çıxara bilər. Onurğada yaranan hər hansı cüzi bir problem bizim çiyin və diz bağlarımızı təhlükəyə atır. Hətta "bir az skolioz var" dediyimiz diaqnoz hərəkət məhdudiyyəti ilə nəticələnə bilər. Tənəffüs yollarında problemlər əmələ gətirə bilər, ürəyin ritmini dəyişə bilər, mərkəzi sinir sistemi, fəqərələrin arasında sıxışmalar varsa, beynin qan-oksigen təchizatının durğunluğu baş verəcək. Heç bir sağlamlıqdan söz gedə bilməz. Əgər fəqərələrin arasında sıxılma varsa, beynin oksigen təchizatında durğunluq varsa, ağlımıza gələn və gəlməyən bütün problemlərin yaranması əlçatandır".

"Ənənəvi Çin təbabətinin beş mindən artıq tarixi var. Şərq müalicə yöntəminin yanaşması budur. Bunu müasir tibb də təsdiqləyir. Onurğa bizim ikinci beynimizdir. Buna görə də ikinci beynimizin sağlam olması bütün bədənimizin sağlam olması deməkdir. Uşaqlarımıza indidən nəzarət edək. Bu hallar çox ailələrdə müşahidə olunur. Allahdan bütün körpə uşaqlara sağlamlıq, valideynlərə də onları sağlam və uğurlu görməyi arzu edirəm" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə