Günvurma və istivurma arasındakı fərq nədir? - MÜNASİBƏT BİLDİRİLDİ

"İstivurma və günvurma orqanizmdə termorequlyasiyanın pozulması deməkdir". Bu sözləri SİA-ya açıqlamasında həkim-terapevt Nərminə Abbasova deyib.

Həkim bildirib ki, günvurma adətən 5 yaşdan aşağı, 65 yaşdan yuxarı xroniki xəstəlikləri çox olan insanlarda daha çox rast gəlinir: "Günvurma ən çox isti yay aylarında birbaşa günəş şüasının başa təsiri nəticəsində, uzunmüddətli günəş şüaları altında fiziki işlə məşğul olan hallarda, yaxud açıq hava olsa belə günəş şüası birbaşa başa təsir etdiyi üçün bədəndə gedən termorequlyasiyadır. Həmin halda xəstədə ümumiyyətlə ümumi qan dövranında, ürək-damar sistemində, tənəffüs sistemində, böyrəklərdə dəyişikliklər əmələ gəlir. Halsızlıq, baş gicəllənməsi, şiddətli baş ağrısı kimi hallar baş verir. Xəstə özünü idarə etməni nisbətən itirir, təngnəfəslik, ürək döyüntüsünün artması kimi hallar baş verir. İlkin yardım olaraq xəstəni günəş şüası altından kölgə olan yerə daşımaq, cəld sıx geyimləri çıxarmaq, soyuq su ilə qoltuqaltı, yaxud qasıq nahiyəsi, büküşləri islatmaq, nisbətən sərinlik yaratmaq, sərin su ilə təmin etmək, bədənin istiliyini nisbətən azaltmaq lazımdır. Bu vaxt dəri altında piy toxuması qalın olduğu halda bədən öz istiliyini xaricə normal ötürə bilmədiyi üçün həmin hallar baş verir. Bu ən çox artıq çəkisi olan xəstələrdə, qidalanması düzgün olmayan xəstələrdə baş verir. Günvurma zamanı ilkin yardımımız bunlardan ibarətdir".

"İstivurma açıq havada olsa da, daha çox yay aylarına təsadüf olunur. Açıq havada temperaturun yüksək olduğu yerlərdə istivurma halları baş verir. İstivurma yenə orqanizmdə ümumi halsızlıq, təngənəfəslik, darıxdırıcı hallar, normadan artıq tərləmələr kimi hallarla yaşanır. Baş gicəllənməsi, ürək döyüntüsü artır. Həmin vaxtı da ilkin yardım olaraq havalandırmanı artırmaq, sərinlik yaratmaq lazımdır. Xəstənin paltarını çıxarıb sərinlətmək, yanında insan çoxluğu varsa da, insanları azaltmaq, mənfi faktorlardan birbaşa təmizləmək lazımdır. Əslində istivurma da, günvurma da bir-birinə yaxın hallardır. Bunları bir-birindən ayırmaq bəzən çətin olur. Sadəcə fiziki fəaliyyəti günəş şüası altında uzunmüddətli olduğunu bildiyimiz halda bunun günvurma olduğunu ayırd edirik. Bədənin temperaturu 39°-41°-yə qədər yüksəlir. Temperaturun azalması üçün soyuq kompresləri qoltuq altı, boyun, boğaz, qasıq nahiyəsinə tez-tez dəyişmək şərtilə bədənin istiliyini azaltmaq lazımdır" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə