İşemik insult: diaqnostikası, müalicəsi və xəstənin reabilitasiyası dövrü

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı uzman nevroloqu Dr.Arzu Məhərrəmova “İşemik insult: diaqnostikası, müalicəsi və xəstənin reabilitasiyası dövrü” mövzusunda məlumat verib. SİA xıbır verir ki, insultun diaqnostikası müvafiq klinik simptomların müəyyənləşdirilməsinə anamnestik məlumatlara (kəskin başlanğıc, risk amillərinin mövcudluğu), insultun tipinin (işemik və ya hemorragik) müəyyənləşdirilməsinə əsaslanır. Lakin bunlar diaqnostik axtarışın sonuncu həlqəsi deyildir. İnsultun adekvat müalicəsi və ikincili (sonrakı) profilaktikasının aparılması üçün onun mümkün olan səbəbinin/səbəblərinin axtarılması zəruridir.

İnsult keçirmiş insanlar üçün xəstəxanaya qədər olan yanaşma da önəmlidir. İnsult olma şübhəsi meydana çıxdıqda ilkin diaqnozun qoyulması və xəstənin müvafiq stasionara çatdırılması üçün xəstə və ya onun ətrafında olan başqa insanlar tərəfindən təcili yardım xidmətinə müraciət edilməsi təkidli şəkildə tövsiyə edilir.
İnsult həyat üçün təhlükə törədən təxirəsalınmaz vəziyyətdir. Buna görə də BQDKP-yə şübhə olan xəstə, hətta cüzi nevroloji defisit olduqda belə tam müayinə və hospitalizasiya məsələsini müzakirə etmək üçün stasionara çatdırılmalıdır.

İşemik insult zamanı trombolitik terapiyanın terapevtik müddətinin məhdud olmasını, həm də daha gecikmiş hospitalizasiya zamanı insultun ağırlaşmalarının sayının əhəmiyyətli dərəcədə artması və xəstəliyin proqnozunun pisləşməsi faktını nəzərə alaraq, pasiyentin stasionara çatdırılmasının optimal müddəti xəstəliyin baş verdiyi vaxtdan sonrakı ilk 2 saatdır.

Güman edilən insultlu pasiyentin nəql edilməsi xəstənin ağırlıq vəziyyətinin dərəcəsindən asılı olmayaraq, ancaq uzanıqlı vəziyyətdə olmalıdır.
İnsultdan sonra nevroloji funksiyaların bərpası üzrə əlaqələndirilmiş reabilitasiya proqramlarının həyata keçirilməsi məqsədəuyğundur. Reabilitasiyanın məqsədi pasiyentin fiziki və psixoloji funksional qabiliyyətlərinin mümkün dərəcədə bərpasına nail olmaqdır. Reabilitasiyanın səmərəli şəkildə həyata keçirilməsi üçün müxtəlif mütəxəssislərin səyi zəruridir. İnsult keçirmiş xəstələrin reabilitasiyasında mütəxəssis-reabilitoloqla yanaşı fizioterapevt, bu sahə üzrə ixtisaslaşmış həkim, psixoloq və sosial sahənin işçisi iştirak etməlidirlər.

Reabilitasiya tədbirlərini mümkün qədər tez başlamaq vacibdir. Passiv fiziki hərəkətlər nevroloji defisitin sabitləşdirilməsindən dərhal sonra (əks-göstərişlər olmadıqda bir qayda olaraq insultun başlanmasından sonrakı 2-ci gündən) həyata keçirilməlidir.

Passiv reabilitasiya da daxil olmaqla erkən fiziki reabilitasiya insultun pnevmoniya, dərin venaların trombozu, yataq yaraları, həmçinin kontraktura, artralgiya kimi ağırlaşmalarının qarşısını alır.

Bütün xəbərlər Facebook səhifəmizdə