Yenidən qapanmalara getməyimiz düzgün olmaz -SORĞU

Son günlər koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Bu artım isə yenidən qapanmalar olub-olmayacağı sualını doğurur. SİA olaraq bununla bağlı sorğu keçirdik:

Milli Məclisin deputatı Kamilə Əliyeva: “Son günlər koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Bu da gözlənilən hal idi. Qış fəslinin başlanması ilə xəstəliklərin də artması, eləcə də koronavirusun da sayında artımın olması proqnozlaşdırılırdı. Amma respublikada vəziyyət stabildir, nəzarət altındadır. Bu gün əgər hər hansısa bir artım müşahidə olunursa, bunun yaxın zamanda hansısa qapanmalara səbəb olacağını düşünmürəm.

Lakin ehtiyatı əldən vermək olmaz. İnsanlar yenə də gigiyenik qaydalara riayət etməli, özlərini qorumalıdırlar. Ümumiyyətlə, hazırda maskadan istifadə etmək məcburiyyəti olmasa belə, lazım gəldikdə özümüzü və ətrafdakı insanları qorumaq üçün maskalardan da istifadə etmək olduqca vacibdir”.

Yazıçı-kulturoloq Aydın Xan Əbilov: “Bütün dünya, eləcə də Azərbaycan bu pandemiyanın artıq son mərhələsini keçirir. Baxmayaraq ki, bir çox ölkələrdə, xüsusilə də Çinin bir çox əyalətlərində koronavirusun yenidən alovlanmasını müşahidə edirik. Ümumilikdə hər gün bu virusa 40-50 minə yaxın insanın yoluxması faktı qeydə alınır. Amma istər Avropa, istərsə də Şərq ölkələrində biz dəhşətli bir alovlanma ilə rastlaşmırıq. Əksinə bu virusun dünya üzrə get-gedə daha da zəiflədiyini görürük.

Üstəlik də əhalinin böyük hissəsi bu virusdan necə qorunmaq lazım olduğunu çox gözəl bilir. Qapanmalar aradan qalxsa, maska taxmaq məcburiyyəti götürülsə belə yenə də insanlar ciddi şəkildə bu virusa yoluxmamaq üçün özlərini qoruyurlar. Bu baxımdan koronavirusa yoluxanların sayının artıb-azalmasını bəhanə gətirərək, yenidən qapanmalara getməyimiz düzgün olmazdı. Sadəcə olaraq maarifləndirmə işlərini yenidən gücləndirmək virusun alovlanmasının qarşısını almağa kömək edəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə