Ukraynada Azərbaycan diasporunun lideri qətlə yetirildi

Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayət təşkilatının sədri İqbal Mahmudova sui-qəsd olub. SİA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, ictimai xadimin avtomobilinə yaxınlaşan motosikletçi ona tapançadan atəş açıb. Nəticədə Azərbaycan diasporunun liderlərindən biri dünyasını dəyişib.

İqbal Mahmudovun qətli barədə məlumatı Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayətindəki nümayəndələri də təsdiqləyiblər. Nümayəndəliyin internet saytı məlumat verib ki, 35 yaşlı İqbal Mahmudov Böyük Vətən müharibəsi veteranları ilə görüşə gedirmiş. İş adamı Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayət şöbəsinin yaradıcılarından biri idi. O, ictimai və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olurdu, hər zaman veteranlara, kimsəsiz uşaqlara və yardıma möhtac olanlara köməklik edirdi.

Mahmudov İqbal Böyükkişi oğlu Lənkəran rayonunun Port-İliç (indiki Liman) şəhərində anadan olub. 1995-ci ildə Ukraynaya köçüb, Donetsk Milli Universitetini bitirib. 2005-ci ildən Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayət təşkilatının sədri olub."Azud" ASC-nin təsisçisi, kikboksinq üzrə idman ustası idi.

Bütün xəbərlər Facebook səhifəmizdə