Yeni Günəşlidə narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində, Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Orxan Həsənov saxlanılıb. Ondan 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Araşdırmalar nəticəsində müəyyən edilib ki, O.Həsənov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq ölkəyə narkotiklərin gətirilməsini təşkil edib.

Bundan başqa, 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər sayəsində Yeni Günəşli və Zığ qəsəbə sakini olan iki nəfər qanunsuz saxladıqları 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd tüfəng və 5 ədəd patronu könüllü təhvil veriblər.

Qeyd edək ki, 33-cü Polis Bölməsinin əməkdaşlarının ilin əvvəlindən keçirdikləri əməliyyat və profilaktik tədbirlərlə 14 tüfəng, 5 avtomat və 1 ədəd “Makarov” tapançası aşkarlanıb. Qanunsuz dövriyyədən 11 kiloqram narkotik vasitə çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə