ARZULARDAN “ADA”YA UĞURLU YOL

Orta və yaşlı nəslin nümayəndələri, yəqin ki, xatırlayar. Məktəbli övladlarına ağılları kəsən gündən “Böyüyəndə nəçi olacaqsan?” sualı verilərdi. Bu gün isə sualın formatı bir qədər dəyişilərək “hansı qrupa gedirsən?” olmuşdur. Bəzən müasir gənclik bu suala kor-koranə cavab verməklə canını qurtarır. Lakin bu qruplaşmadan çox şey asılıdır, çünki çağdaş gənclər düşünməlidirlər ki, seçdikləri qruplar onların taleyini həll edir. Bununla bərabər, qeyd etməliyik ki, gənclərimizin sırasında “Böyüyəndə kim olacaqsan?” sualına cavab verə biləcək potensiallı, iddialı və məqsədli gənclər də kifayət qədərdir. 9 sentyabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Cənab Vasif Talıbovun ənənəvi olaraq ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüşü zamanı çıxış edən İlhamə Novruzova “Kompüter elmlərinə marağım yüksək olduğu üçün bu sahədə yaxşı mütəxəssis olmaq istəyirəm. Buna görə də “ADA” Universitetinin tədrisi ingilis dilində olan Kompüter elmləri ixtisasına qəbul olmuşam” deyərək həmin sualın cavabını verdi.

Bəs kimdir İlhamə Novruzova? İlhamə 2004-cü ildə Naxçıvan şəhərində doğulub və 2010-cu ildə Naxçıvan şəhərindəki 7 saylı orta məktəbin birinci sinfinə gedib. Orta məktəbdə təhsil aldığı müddətdə iştirak etdiyi sınaq imtahanlarında hər dəfə yüksək nəticələr göstərib. Hələ 10-cu sinifdə təhsil alarkən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsinin fəal iştirakçısı olan bu çalışqan gəncimiz AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın rəhbərliyi altında “Həyatın melodiyası – kimya” adlı tədqiqat mövzusunu yerinə yetirmiş, Rusiyanın Moskva şəhərində keçirilən məktəblilərin IX beynəlxalq Elmi-tədqiqat və yaradıcılıq “Elmə start” müsabiqəsində III yerə çıxaraq diploma layiq görülmüşdür. İlhamənin orta təhsildəki uğurları siyahısında 10-cu sinif şagirdi olarkən “Kimyəvi elementlərin kəşfi tarixi” mövzusunda tədqiqat işi ilə Rusiyanın Erudit Elmi-təhsil mərkəzinin təşkil etdiyi müsabiqədə birinci yerin qalibi olaraq şəhadətnamə və diploma layiq görülməsi də vardır. Eyni zamanda 2021-ci ildə IX – XI sinif şagirdləri arasında keçirilən “Sabahın tədqiqatçıları” layihəsində kimya fənni üzrə iştirak etdiyi və layihə təqdim etdiyi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə sertifikatına layiq görülmüşdür. İlhamənin ən böyük uğurlarından biri isə özünün xarici dil biliyini beynəlxalq təhsil sistemi sahəsində sınamaqla bu ilin may ayında İELTS imtahanlarında iştirak edərək 7 bal toplamasdır. İstedadlı gənc Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin XI b sinfini əla qiymətlərlə bitirərək təhsilini “Qızıl nişan”la başa vurmuşdur. Qəbul imtahanlarında isə 682 bal toplayaraq Naxçıvan Muxtar Respublikası üzrə ən yüksək nəticəni göstərmiş və muxtar respublika birincisi olmuşdur. İnsan əməyinə hər zaman yüksək qiymətin verildiyi Naxçıvan Muxtar Respublikasında 9 sentyabr 2021-ci il tarixdə muxtar respublika üzrə ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayan məzunlarla görüş zamanı şəxsən Ali Məclisin Sədri Cənab Vasif Talıbov tərəfindən ona “Naxçıvan: Şərqin əfsanəsi” kitabı və pul mükafatı təqdim olunmuşdur.

Görüş zamanı çıxışında hər sahədə olduğu kimi gənclərə dəstək olan Ali Məclisin Sədri onlara tövsiyələrini də verərək demişdir: “Təhsildə əsas hədəf qazanılan bilik və bacarıqları iqtisadi amilə çevirməkdir. Bu isə yaxşı mütəxəssis hazırlığından başlayır. Çalışın qazandığınız bilikləri praktikada tətbiq edərək ölkəmizə fayda verəsiniz. Bir sözlə, seçdiyiniz peşəni dərindən öyrənməklə yanaşı, həm də geniş dünyagörüşünə malik olmalı, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacarmalı, dəyərlərinə və tarixinə sahib çıxan, müasir təfəkkürlü kadrlar kimi yetişməlisiniz. Ali Məclisin Sədri tələbə adını qazanmış hər bir gəncə bu yolda uğurlar arzulamış, çıxışını ümummilli liderimiz Heydər Əliyevin gənclərə tövsiyəsi ilə tamamlamışdır: “Zəngin və dərin mənəviyyata sahib, vətənpərvər gəncliyi olan xalqımızın daha böyük, daha parlaq gələcəyi var. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətçiliyini yaşatmaq, onu qüdrətli etmək üçün siz yüksək amallı Azərbaycan gəncləri daim hazır olmalısınız”.

Hər zaman dövlətin dəstəyi hiss edən gəncliyin yetişdiyi mühitdə formalaşan bir gəncin sadaladığım uğurlarından bəhs edərkən belə qənaətə gəldim ki, ölkəmizdə təhsil sistemi sözün əsl mənasında uğurla inkişaf etməkdədir və gənclərimiz əgər təhsilə məqsədli şəkildə yanaşarsa, məntiqli düşünərək seçim edərsə, “kim olacağını” özünü dərk edən gündən təyin edərsə, gələcəkdə öz bilik və bacarıqlarını ən böyük investisiyaya çevirə və ən uğurlu mütəxəssis ola bilərlər. Təbii ki, burada ailə dəstəyi də önəmli faktorlardandır. Bir haşiyə çıxaraq qeyd edim ki, İlhamənin qardaşı İlham Novruzov da 2018-ci ildə qəbul imtahanlarında 628 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinə daxil olmuşdu. Bu gün İlhamənin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin hər il olduğu kimi, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş tədbirində İlhamənin Naxçıvan Muxtar Respublikası Təhsil Naziri ilə bir sırada qürurla əyləşəməsi gəncimizin əzmkar əməyi, çalışqanlığı və məqsədinə doğru qətiyyətlə addımlamağı sayəsində mümkün olmuşdur. “Nəçi olmağımız”da ailənin yaratdığı stimul güclu olarsa, İlhamə Novruzovanın timsalında övladlarımızın adını və səsini ən yüksək kürsülərdən eşidə bilərik, onların valideylərinin duyduğu fəxarəti hər birimiz hiss edə bilərik. Bu il tələbə adını qazanmış bütün gənclərimizi təbrik edərək bir çağırış edirəm. Gəlin övladlarımıza “kim olmaqda” doğru yol göstərək, onlara dəstək olaq! Onlara “Hansı qrupa gedəcəksən?” yox, ”Hansı peşənin sahibi olacaqsan?” sualını verməklə düzgün istiqamətə yönəlməsinə, özünü tapmasına kömək olaq!

AMEA Naxçıvan Bölməsi İncəsənət,

Dil və Ədəbiyyat İnstitutunun

böyük elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru

LEYLA SƏFƏROVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...