Bu gün Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə təhsil nazirinin müavinləri, millət vəkilləri, bir sıra dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən təhsil nazirnin müavini Ceyhun Bayramov Respublika fənn olimpiadalarının keçirilməsinin istedadlı uşaqların vaxtında müəyyən olunması, onlarla işin düzgün qurulması, ölkənin dayanıqlı inkişafına və işıqlı gələcəyinə xidmət etdiyini vurğulayıb. Nazir müavini bildirib ki, ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda istedadlı uşaqlarla işin qurulması sahəsində bir sıra mühüm məqamlar öz əksini tapıb. Təhsil Nazirliyinin nəzərdə tutulmuş hədəflərə nail olmaq üçün həyata keçirdiyi yenilikləri diqqətə çatdıran C.Bayramov İstedadlı Uşaqlarla bağlı görülən işləri, Respublika fənn olimpiadalarının keçirilməsini və beynəlxalq fənn olimpiadalarında qazanılan uğurları buna misal olaraq göstərib. 2014-cü illə müqayisədə bu il iştirakçı sayının 6 dəfə artdığını deyən təhsil nazir müavini fənn olimpiadalarının Azərbaycanın hər bir bölgəsini əhatə etdiyini vurğulayıb. O, gələcəkdə ənənəvi fənlərlə yanaşı yeni fənlərin də Respublika fənn olimpiadalarına daxil edilməsinin vacibliyini bildirib. Nazir müavini əlavə edib ki, xarici dillər, iqtisadiyyat, texnologiya, robottexnika, hüquq, sahibkarlıq, ekologiya və digər layihə olimpiadaları şagirdlərin fərqli istedadını üzə çıxarmağa imkan verər və gələcəkdə olimpiadaların kütləviliyini təmin edər. Şagirdlərin beynəlxalq olimpiadalardakı uğurlarından söz açan nazir müavini son 4 il ərzində məktəblilərin 1 qızıl, 11 gümüş, 54 bürünc olmaqla 66 medal qazandıqlarını nəzərə çatdırıb. Nazir istedadlı uşaqların gələcək inkişafına verdiyi töhfələrə və Respublika fənn olimpiadalarının keçirilməsində göstərdiyi dəstəyə görə "Kapital Bank"ın rəhbərliyinə təşəkkür edib. Tədbirdə Respublika fənn olimpiadalarının keçirilməsi, olimpiada qalibləri haqqında video-çarx nümayiş olunub. Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30 000 nəfərə yaxın şagird iştirak edib. Bu il Naxçıvan Muxtar Respublikasından şagirdlər də daxil olmaqla IX-XI və xüsusi istedada malik aşağı sinif şagirdlərinin iştirak etdiyi olimpiadada 8 fənn üzrə 263 qalib müəyyən edilib. 48 nəfər şagird qızıl, 85 nəfər gümüş, 130 nəfər isə bürünc medala layiq görülüb. Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB