Millət vəkili: "Magistraturaya qəbul iki istiqamətdə aparılmalıdır"

Millət vəkili: "Magistraturaya qəbul iki istiqamətdə aparılmalıdır"

"Bu gün magistr təhsilini bitirən məzunların demək olar ki, yalnız 25-30 faizi doktorantura təhsilinin ardınca gedir. Yəni, yerdə qalan 70 faiz məzun bu sahəyə maraq göstərmir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli "Elm haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədrinin sözlərinə görə, bu məsələ ilə bağlı cəmiyyətdə fikirlər də müxtəlifdir: "Dövlət qulluğunda iştirak edən magistrların əksəriyyəti yüksək bal toplayır, nəticədə işlə təmin olunurlar. Onların dövlət işlərində olmasının əleyhinə deyilik. Çünki bu da onların hüququdur. Ancaq etiraf edək ki, bu gün elmə gələn magistrların sayı dövlət qulluğunda işləyənlərin sayından dəfələrlə azdır. Çünki dövlət işində maaş yüksək olur. Bu da istər-istəməz gənc elmi kadrların akademiyaya gəlməsinə maneçilik törədir".

İ.Həbibbəyli AMEA-ya gənclərin axınını təmin etmək üçün magistratura pilləsinə qəbulun iki istiqamətdə aparılmasını zəruri hesab edir: ""Elm haqqında" qanun layihəsində magistratura pilləsində peşəkar məqsədlər üçün ixtisas magistrı və elmi fəaliyyətlə məşğul olmaq üçün tədqiqat magistrı üzrə təhsilin olması yer alıb. Tədqiqat magistrı dərəcəsinə malik olan şəxslər elmi-tədqiqat işi ilə və elmi-pedoqoji fəaliyyətlə məşğul ola bilər, doktoranturaya daxil olmaq imkanı qazana bilərlər. İxtisas magistrı üçün 2, tədqiqat magistrı üçün isə nəzərdə tutulan 1 illik təhsilin müddəti layihədən çıxarılıb. Hesab etdik ki, bu prosedur Təhsil Nazirliyində icraçı təşkilatın özünün əsasnamə və nizamnaməsi ilə tənzimlənə bilər. Ona görə də müddət limitini "Elm haqqında" qanun layisəsindən çıxardıq".

Bütün xəbərlər Facebook səhifəmizdə