Təhsil Nazirliyi: "Yeni Dövlət Proqramı ilə əlaqədar məsləhətləşmələr aparılır"
""2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın cari ildə başa çatması nəzərə alınaraq, yeni Dövlət Proqramının layihəsi hazırlanıb. Azərbaycan Respublikası Təhsil Nazirliyi yeni Dövlət Proqramı ilə əlaqədar qurumlararası müvafiq məsləhətləşmələr aparır. Proqram qəbul olunacağı təqdirdə bu barədə ictimaiyyətə geniş məlumat veriləcək". Bu barədə Təhsil Nazirliyindən SİA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, bu il xaricdə təhsil almaq üçün Dövlət Proqramının son ili olduğundan xarici ölkələrdə oxumaq istəyənlər üçün belə proqramların olub-olmayacağı cəmiyyət üçün maraqlıdır: "Ona görə də Təhsil Nazirliyində tələbələrin xaricdə təhsil alması üçün işlər görülür, layihə hazırlanır".
Qeyd edək ki, Dövlət Proqramının başa çatmış sonuncu qəbul ilində 373 nəfər tələbənin adı təqaüdçülər siyahısına daxil edilib. Belə ki, builki müsabiqədə də üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib və 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfəri isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb.
Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması üçün Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və ümumilikdə 3558 nəfər dövlət proqramından yararlanıb.
İndiyədək Dövlət Proqramı çərçivəsində 1147 nəfər müvafiq məzun qeydiyyatından keçib. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir. Dövlət Proqramı çərçivəsində təhsil almış tələbələrin dövlət qulluğuna qəbul imtahanlarının birbaşa müsahibə mərhələsinə buraxılması isə əldə olunan bilik və səriştənin dövlət idarəetməsi üçün istifadə olunmasına geniş şərait yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB