ADU rektoru Norveçdə təhsil alacaq tələbələrlə görüşüb

ADU rektoru Norveçdə təhsil alacaq tələbələrlə görüşüb

İyunun 8-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Norveçə gedəcək tələbələrlə görüşdü. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tələbələri salamlayan rektor onları görməkdən şad olduğunu bildirdi. O, rəhbərlik etdiyi universitetin Norveç universitetləri ilə əlaqələri, xüsusən Norveçin Oslo Universiteti ilə mövcud olan əməkdaşlıqdan danışdı. Oslo Universiteti ilə ADU arasında Norveçşünaslıq adlanan böyük bir layihənin həyata keçirildiyini diqqətə çatdırdı. Tələbələrin Norveç səfərindən danışan ADU rektoru onlara Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə etdi: "Çünki sizin hər biriniz Norveçdə Azərbaycanın çox kiçik, amma çox əhəmiyyətli səfiri olacaqsınız və siz buna hazır olmalısınız. Norveçdə Azərbaycan haqqında olan informasiyanı düzgün, anlaşıqlı şəkildə verməlisiniz".

Universitetlərarası həyata keçirilən layihədən danışan S. Seyidov tələbələrin 42 gün Norveçdə yay kursunda olacağını bildirdi.

Rektor ADU-da fəaliyyət göstərən Norveçli mütəxəssislərin layihənin həyata keçirilməsində verdikləri dəstəyə görə təşəkkürünü ifadə etdi. O, Universitetdə bir sıra mərkəzlərin fəaliyyət göstərdiyini və bu mərkəzlərin tələbələrin Avropa dəyərlərini öyrənməsində mühüm rol oynadığını qeyd etdi.

Öz növbəsində tələbələr də yaradılan şəraitə görə rektor S.Seyidova və bu layihənin gerçəkləşməsində əməyi keçən şəxslərə öz minnətdarlıqlarını bildirdilər. Təhsil aldıqları müddətdə Azərbaycanı layiqincə təmsil edəcəklərini vurğuladılar.

Görüşdə iştirak edən Oslo Universiteti və ADU arasında mövcud əməkdaşlıq layihəsinin koordinatoru Norveçli mütəxəssis Vibeke Roggen ADU rektoruna təşəkkür etdi. O, yay məktəbi dövründə keçiriləcək təlimlər haqqında məlumat verdi.

Xatırladaq ki, ADU ilə Oslo Universiteti arasında olan əməkdaşlıq çərçivəsində bu il iyun ayının 24-dən avqustun 5-dək ADU-nun Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan 10 tələbəsi Oslo Universitetində Beynəlxalq yay məktəbində olacaqlar. Onları ADU-nun 2 müəllimi də müşayiət edəcək. 12 nəfər nümayəndə heyəti iyunda Norveçə yola düşəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə