"Düzgün ixtisas seçimi gələcəyə qoyulmuş ən dəyərli sərmayədir" - MÜNASİBƏT BİLDİRİLDİ

"İxtisas seçimi elə edilməlidir ki, bir gün peşmanlıqla nəticələnməsin. Seçim daha diqqətlə və məsuliyyətlə aparılmalıdır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.

O bildirib ki, ixtisas seçiminin nəzəri əsaslandırılması, onun real həyatda necə tətbiq olunacağı, seçilmiş ixtisasın cəmiyyət və əmək bazarı üçün missiyası çox önəmlidir: "Bu gün tələbə adını qazanmaq kifayət deyil. Əsas məsələ həmin ixtisasın gələcəkdə iş təminatına nə qədər töhfə verə bilməsidir. Təəssüf ki, bu günlərdə bir çox "TikTok" "eksperti" , sosial media qəhrəmanı və ya özünü “təhsil mütəxəssisi” kimi təqdim edən insanlar yalnız öz maraqlarını güdürlər. Onların məqsədi gələcəyin əmək bazarını formalaşdırmaq və ya tələbənin gələcəyini düşünmək deyil. Əsas məqsədləri abituriyentin topladığı bala uyğun olaraq hansı yolla olur-olsun onu bir universitetə yerləşdirməkdir. Amma mən bu fikirdən qəti şəkildə uzağam. Bu gün buradan sizin vasitənizlə bütün abituriyentlərə səslənirəm: sizin mübarizənizi dəyərləndirir və dəstəkləyirəm. İxtisas seçimi sadəcə texniki proses deyil ki, onu video təlimatlardan öyrənmək mümkün olsun. Bu məsələnin dərin mənəvi və psixoloji tərəfləri də var. Mən şəxsən şahidi olmuşam, gözlərimlə görmüşəm, prosesin içində iştirak etmişəm: birinci ixtisas qrupu üzrə müəyyən bal toplamış bir xanıma maşın mühəndisliyi və cihaz mühəndisliyi kimi ixtisaslar tövsiyə edilib. Halbuki, bu xanımın psixoloji durumu, dünyagörüşü, həyat yanaşması bu sahələrlə heç bir uyğunluq təşkil etmir. Bu halda o, gələcəkdə əmək bazarı üçün dəyərli kadr kimi formalaşa bilməyəcək. Təəssüf ki, belə hallara çox rast gəlirik. Ən ağrılı məsələ odur ki, bu prosesə valideynlər də təsir göstərir. Bu gün bir çox valideyn övladının tələbə adını qazanmasını sadəcə onun gələcəyi üçün yox, həm də öz sosial imici üçün – qonşulara, qohumlara qarşı “hesabat” vermək kimi qəbul edir. Bu, yanlış yanaşmadır. Belə bir təzyiq altında edilən ixtisas seçimi nə uşağı xoşbəxt edəcək, nə də cəmiyyətdə faydalı mütəxəssis yetişəcək.

Hər il minlərlə gənc imtahan verir, nəticələrini gözləyir və ali məktəblərə ixtisas seçimi qarşısında qalır. Amma bu prosesin görünməyən tərəfləri var. Bu gün bir çox insan ixtisas seçimini sadəcə qəbul olunmaq üçün edir. Məqsəd bal itirməməkdir. Hansı yolla olur-olsun, bir universitetə düşmək əsasdır. Sanki ali məktəbə daxil olmaq, artıq uğurun son nöqtəsidir. Amma bu yanaşma çox təhlükəlidir. Əgər bir gənc qəbul oldusa, qəhrəmandır. Qonşular, qohumlar, ailə ətrafı onu tərifləyir, sosial mediada paylaşımlar edilir. Qəbul olmadısa, sakitlik çökür. Nə özü danışır, nə də ailəsi. Halbuki bu, sadəcə bir mərhələdir, nə son, nə də başlanğıc".

"İxtisas seçimi həyatın ən mühüm qərarlarından biridir. Bu, insanın gələcək işinə, sosial statusuna, psixoloji rahatlığına və həyat tərzinə birbaşa təsir edir. Amma çox zaman bu qərar məntiq yox, emosiya, real maraqlar yox, sosial basqı əsasında verilir.

Bəzən valideynlər öz övladlarını onların maraqlarına deyil, öz arzularına uyğun istiqamətləndirirlər. Hətta bəziləri üçün övladının universitetə qəbul olması, qonşu və qohumlar qarşısında bir “qələbə” vasitəsidir. Uşağın nə hiss etdiyini, gələcəkdə özünü xoşbəxt hiss edib-etməyəcəyini düşünən isə azdır.

Bu gün əmək bazarı dəyişir. Gələcəkdə bəzi ixtisaslar tamamilə sıradan çıxacaq. Bəzi dar sahəli peşələrə ehtiyac olmayacaq. Əvəzində süni intellekt, rəqəmsal texnologiyalar, proqramlaşdırma, data analitikası, alternativ enerji, biotexnologiya kimi sahələrin tələbatı ildən-ilə artacaq.

Universitet dörd il oxunur ki, gələcəkdə iş bazarında özünə uyğun bir yer tapa biləsən. Əgər sən o bazarda yer tapa bilməyəcəksənsə, onda nə üçün oxuyursan? Biz bəzən bu sadə, amma əsaslı sualdan yayınırıq. Əslində bu sual sadə görünsə də, çox mürəkkəb bir cavab tələb edir. Cəmiyyətin təhsil anlayışı dəyişmədikcə, universitetə olan yanaşma da dəyişməyəcək. İxtisas seçimi sadəcə bal və qəbul məsələsi deyil. Bu, insanın özünü kəşf etməsi, həyata münasibətinin formalaşması və cəmiyyət üçün faydalı bir kadr kimi yetişməsi deməkdir.

Əgər biz bu prosesi ciddi qəbul etməsək: Diplom olacaq, amma bilik olmayacaq. Qəbul olacaq, amma gələcək olmayacaq. Təhsil olacaq, amma xoşbəxtlik olmayacaq. Ona görə də hər bir gənc və valideyn bilməlidir: düzgün ixtisas seçimi gələcəyə qoyulmuş ən dəyərli sərmayədir.

Hər kəsə universitet lazım deyil. Bu gün cəmiyyətdə elə bir fikir formalaşıb ki, sanki “uğur qazanmaq üçün mütləq universitet oxumaq lazımdır”. Bu düşüncə tərzi həm ailələri, həm də gəncləri yanlış istiqamətə yönləndirir. Halbuki hər kəs üçün universitetə getmək nə lazımdır, nə də məqsədəuyğundur. Elə bacarıqlı gənclər var ki, onların peşə məktəbində, kollecdə aldıqları təhsil onlara bəs edir. Hətta bəzi hallarda bu təhsil onları universitet məzunlarından daha tez və daha rahat əmək bazarına çıxarır. Əgər bir uşaq özünü bir texniki sahədə, əllə işləməkdə, praktik bacarıqlarda görürsə, bu uşağı məcbur edib nəzəri yüklü bir universitet təhsilinə sürükləmək doğru deyil. Nə üçün bir peşəkar aşpaz, bir istedadlı çilingər, bir peşəkar avtomobil ustası olmaq universitet məzunu olmaqdan daha az dəyərli olsun? Əslində bu cəmiyyətin özü hələ də təhsilin forması ilə deyil, formasiyaları ilə maraqlanır. Diploma baxırıq, amma bacarığa yox. Halbuki gələcəyin iqtisadiyyatında ən çox qazananlar konkret bacarığı olanlar olacaq.

Universitetlər nəzəri bilik verir, bu, bir çox sahə üçün vacibdir. Amma nəzəriyyəni həyatla birləşdirə bilməyən gənc, istedadlı bir peşə sahibindən daha uğurlu ola bilməz.

Elə peşə məktəbləri var ki, gəncə konkret ixtisas, real iş bacarığı və əmək bazarında dərhal yer tapmaq imkanı verir. Bəzən 2-3 illik bir peşə təhsili, 4 illik ali təhsildən daha dəyərli nəticə verir. Təhsil yalnız diplom almaq üçün deyil, özünü həyata hazırlamaq üçündür. Hər kəsin yolu eyni deyil. Bəziləri üçün universitet ən düzgün seçimdir. Bəziləri üçün isə peşə məktəbi, kollec, qısa kurslar daha doğru və faydalıdır. Əsas olan odur ki: Gənc öz maraqlarını və bacarığını tanısın. Valideyn öz övladını “cəmiyyət nə deyər” deyə yox, “uşağım nə istəyər” deyə yönləndirsin.

Cəmiyyət diploma yox, bacarığa dəyər versin. Sonda hər kəsin həyatda öz yolu var. Bu yolun adı universitet ola bilər, ya da peşə məktəbi. Əsas odur ki, bu yol insanın özünü tapa bildiyi yol olsun" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə