"Cəmiyyətdə hələ də belə bir düşüncə mövcuddur: ali təhsil mütləqdir, peşə təhsili isə ikinci dərəcəlidir. Bu yanaşmanın bir sıra mədəni, tarixi, sosial və iqtisadi səbəbləri var". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
O bildirib ki, tarixi-mədəni baxış bucağından desək, bu düşüncə Sovet dövründən qalma bir irsdən qaynaqlanır: "O zaman ali məktəb bitirmək intellektual status, təminatlı həyat və yüksək ictimai mövqe kimi qəbul edilirdi. Peşə təhsili isə daha çox fəhləliklə, aşağı əməkhaqqı ilə, fiziki zəhmətlə assosiasiya olunurdu. Bu stereotiplər bu gün də bir çox insanda qalmaqdadır.
Peşə təhsili sanki uğursuzluğun nəticəsi, son çıxış yolu kimi görülür. Sosial status və ailə təzyiqi də burada mühüm rol oynayır. Bir çox valideynlər övladlarının universitetə daxil olmasını ailə şərəfi və nüfuz məsələsi kimi qiymətləndirir. Əgər bir gənc peşə məktəbinə gedirsə, bu, cəmiyyətdə “oxuya bilmədi”, “tənbəl oldu” kimi qəbul edilir. Beləliklə, sosial təzyiq gəncləri bacarıq və maraqlarına uyğun yox, yalnız diplom əldə etmək naminə ali təhsil almağa məcbur edir.
Peşə təhsilinin zəif imici hələ də aktual problemdir. Burada peşə təhsili müəssisələrinin də məsuliyyəti var. Tədrisin keyfiyyəti aşağıdır, texniki baza və avadanlıqlar köhnəlib, təcrübə imkanları məhduddur. İşəgötürənlərin də peşə məktəblərinə inamı zəifləyib. Bütün bunlar insanlarda peşə məktəblərinin vaxt itkisi olması düşüncəsini formalaşdırır. Bizdə hələ də belə bir inam mövcuddur: “Ali diplomun varsa, yaxşı iş taparsan.” Halbuki reallıq göstərir ki, ali təhsilli insanların çoxu işsizdir. Amma bu köhnə psixoloji şərtlənmə hələ də qırıla bilmir. Maraqlıdır ki, elə peşə sahibi insanlar var ki, məsələn, avtomobil ustası, rəngsaz çox vaxt ali təhsillilərdən daha çox qazanırlar. Bunu hamımız görürük, bilirik. Amma yenə də peşə məktəblərinə münasibət dəyişmir. Bu münasibət dəyişməlidir. Dövlət və özəl sektor hələ də peşə təhsilinə tam güvənmir. Bir gənc peşə məktəbini bitirsə belə, onun işlə təmin olunacağına dair konkret və davamlı təşviq sistemi yoxdur. Bu da gəncləri bu yola getməkdən çəkindirir. Amma bu vəziyyəti dəyişmək mümkündür və bir sıra ölkələr bunu bacarıb. Məsələn, Almaniya və İsveçrə kimi ölkələr peşə təhsilinə böyük əhəmiyyət verir. Orada peşə məktəblərinin maddi-texniki bazası güclüdür, tədris müasir tələblərə cavab verir, işəgötürənlərlə birbaşa əməkdaşlıq qurulur. Tələbələr həm nəzəri, həm də praktiki biliklər əldə edirlər. Bu ölkələrdə peşə məktəbi tələbələri işsiz deyillər – onlar təhsil aldıqları sahə üzrə real iş imkanları əldə edirlər. İşəgötürən müəssisə konkret sayda vakansiya elan edir və həmin ixtisasa uyğun təhsil alan tələbələrlə birbaşa işləyir. Beləliklə, peşə təhsili ilə əmək bazarı arasında sıx əlaqə yaranır".
"Peşə təhsili ilə bağlı müsbət nümunələr və uğur hekayələri cəmiyyətə təqdim edilməlidir. Valideyn maarifləndirilməli, gənclərə aşılanmalıdır ki, peşə sahibi olmaq da böyük uğurdur.
Son olaraq qeyd edim ki, cəmiyyətdə ali təhsilin dəyərli olması normaldır. Amma peşə təhsilinin “son çarə” kimi görülməsi artıq ciddi ictimai və struktur problemdir. Bu münasibət dəyişməlidir. Çünki bu gün əmək bazarının tələbi kağız diplom deyil, bacarıqlı və texnoloji biliklərə malik insanlardır. Peşə təhsilinin nüfuzunu artırmaq üçün dövlət, cəmiyyət və media birgə çalışmalıdır. Elə bu müsahibənin yayımlanması belə, bu sahədə maarifləndirmə və təbliğat işinin bir hissəsidir" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə