Ərəbdilli mənbələrdə Arranın hüdudları – elmi-praktik seminar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Ərəbdilli mənbələrdə Arranın hüdudları haqqında” mövzusunda elmi-praktik seminar keçirilib.

SİA-nın məlumatına görə, İnstitutdan bildirilib ki, elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev mövzunun Azərbaycanın qədim dövr və erkən orta əsrlər tarixini əks etdirməsi baxımından xüsusi maraq doğurduğunu vurğulayıb.

O bildirib ki, tariximizin açılmamış səhifələrinin, xüsusilə Atropatena və Albaniya tarixinin mübahisəli məsələlərinin araşdırılmasında müxtəlif tarixi mənbələrin, o cümlədən ərəbdilli qaynaqların tədqiqata cəlb olunması obyektiv baxışın formalaşması baxımından böyük əhəmiyyət daşıyır. Qeyd olunub ki, ərəb mənbələrində “Arran” kimi təqdim edilən Qafqaz Albaniyası Azərbaycanın qədim tarixinə dair mühüm mərhələni təşkil edir. Bu dövlətin tarixi, etnik tərkibi və dini xüsusiyyətləri Azərbaycanın qədim və orta əsr tarixi ilə sıx bağlıdır. Onun öyrənilməsi milli-mədəni kimliyimizin dərin köklərini anlamağa kömək edir.

Tarixi saxtalaşdırmalara qarşı elmi əsasların yaradılması da bu istiqamətdə mühüm rol oynayır. Ermənistan tarixşünaslığı və bəzi Qərb müəllifləri Qafqaz Albaniyasının mirasını erməni tarixi kimi təqdim etməyə çalışırlar. Xüsusilə Alban kilsəsinin tarixi ilə bağlı aparılan saxta təbliğat buna nümunədir. Tarixşünaslıq bu iddialara qarşı elmi əsaslarla cavab verməyə imkan yaradır.

Daha sonra institutun Atropatena və Qafqaz Albaniyası tarixi şöbəsinin müdiri tarix elmləri doktoru Ramil Ağayev “Ərəbdilli mənbələrdə Arranın hüdudları haqqında” mövzusunda geniş elmi məruzə ilə çıxış edib. O vurğulayıb ki, həm Sasanilər, həm də Ərəb xilafəti dövründə “Azərbaycan” və “Arran” tarixi-coğrafi anlayışlarının mahiyyəti və onların hüdudlarının müəyyənləşdirilməsinə ehtiyac var. Bu istiqamətdə indiyə qədər söylənilən fikirlərin yeni faktlarla zənginləşdirilməsi zəruridir: “Təəssüf ki, Azərbaycanın qədim və erkən orta əsrlər tarixi ilə məşğul olan tədqiqatçılar çox zaman yalnız istinad etdikləri mənbələrin materiallarına üstünlük verərək, həmin məlumatları dövrün digər sinxron yazılı qaynaqları ilə müqayisə etməyiblər”

Ərəb müəlliflərinin əsərlərinə istinad edən məruzəçi bildirib ki, onlar Azərbaycan ərazilərini əsasən iki böyük coğrafi anlayış – “Azərbaycan” və “Arran” şəklində təqdim ediblər. Bununla belə, bəzi ərəb mənbələrində bu ərazilər vahid ölkə kimi təqdim edilərək “Azərbaycan” adı ilə qeyd olunub. IX–X əsrlərdə yaşamış bəzi ərəbdilli müəlliflər isə ümumiyyətlə “Arran” anlayışından istifadə etməyərək, yalnız “Azərbaycan” coğrafi adını işlədiblər.

Seminar mövzu ətrafında aparılan müzakirələrlə davam edib.

Qeyd edək ki, elmi seminar institutun fəlsəfə doktoru hazırlığı üzrə təhsil alan doktorantlarının iştirakı ilə master-klas formatında təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə