"Müəllimlər hesabat yazan deyil" - ŞƏRH EDİLDİ

"Müəllimlik peşəsi hər bir cəmiyyətin gələcəyini formalaşdıran əsas sütunlardan biridir. Ancaq son illər bu peşəyə maraq azalır. Parlaq və istedadlı müəllimlər tədris sahəsindən uzaqlaşır. Bu da istər-istəməz ciddi narahatlıq doğurur". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

Onun sözlərinə görə, parlaq müəllimlərin niyə azalması sual doğurur: "Təbii ki, buraya aşağı maaş, sosial təminatın aşağı olması, müəllim nüfuzunun zəifləməsi, müəllimlərin əlavə yüklənməsi, kariyera artımının məhdudluğu və digər məsələləri göstərmək olar. Ən parlaq tələblər maddi baxımdan daha cazibədar sahələrə gedirlər. İKT, hüquq, biznes, səhiyyə kimi sahələrə yönəlirlər. Müəllim peşəsinin əməkhaqqının aşağı olması, gənc müəllimlər üçün həmin əməkhaqqının həyat standartlarına uyğun gəlməməsi, istər-istəməz onları başqa sahəyə yönəldir.

Əvvəllər müəllim cəmiyyətdə böyük hörmətə malik idi. Bu gün isə istər valideyn, istər ictimaiyyət, istər təhsili idarə edənlər tərəfindən müəllim tənqid edilir, müəllimin qərarlarını sual altına almaq olur, müəllimin üstünə çox gedilir. Bu isə müəllimlik peşəsinin cazibəsini azaldır. Müəllimlərin əsas vəzifəsi dərs keçmək, tədrisdir. Amma onlar çox vaxt hesabatlar, texniki sənədlər, idarəçilik tapşırıqlarını yerinə yetirirlər. Bu da istər-istəməz tədrisin keyfiyyətini azaldır.

Müəllimlik peşəkar yüksəliş imkanlarına məhduddur. Ən yaxşı halda müəllim yenə də müəllimdir. Ən yaxşı müəllim də uzun illər eyni maaşda, eyni fənni tədris edə bilir. Bu da müəllimləri ruhdan salır.

Müəllimlik peşəsinə marağı artırmaq üçün nə etmək lazımdır? Təbii ki, əməkhaqqı artırılmalıdır. Müəllim imici yüksəldilməlidir. Müəllimə sərbəst işləmək imkanı verilməlidir. Müəllimlər innovativ təlim və təcrübə proqramlarına göndərilməlidirlər. Məktəblərin uğurları ictimailəşməlidir. Müəllimlərə layiqli əməkhaqqı verilməsi, bəzi güzəştlərin daha da artırılması, təqaüd imkanlarının yaradılması çox gözəl olardı. Belə olan halda peşəkar müəllimlik cəmiyyətin təhlükəsizlik zonası kimi tanınacaq. Televiziya, sosial media, mətbuatda müəllim obrazı pozitiv və nüfuzlu şəkildə təqdim edilməlidir. Müəllimlərə hörmət yalnız məktəblə bağlı deyil. Həm də ictimai diskusda da müəllimə hörmət təbliğ olunmalıdır".

"Müəllimlərə daha çox yaradıcılıq azadlığı, öz metodları ilə işləmək imkanı verilməlidir. Müəllimlər hesabat yazan deyil, tələbə formalaşdıran şəxs kimi fəaliyyət göstərməlidir. İxtisasartırma kursları, beynəlxalq təcrübə proqramları, təhsil səfərləri, seminarlar vasitəsilə müəllimlərin əlaqələri genişləndirilməli, daha da inkişaf etdirilməsinə sövq edilməlidir.

Müəllim uğurları necə ictimailəşə bilər? Düzdür, bizdə "Əməkdar müəllim" var. "İlin müəllimi" kimi layihələrlə tanıdılmalı, nümunəyə çevrilməlidir. Əgər biz gələcəyin cəmiyyətini formalaşdırmaq istəyiriksə, müəllimi yalnız məktəbin deyil, millətin dayağı kimi görməliyik. Parlaq müəllimlər yalnız parlaq şagirdlər yetişdirmir. Həmçinin onlar bizim parlaq gələcəyimizi yaradırlar. Bu baxımdan müəllim əməyi, nüfuzu yüksək olmalıdır. Həm dövlət, həm də cəmiyyət tərəfindən müəllimə qayğı ilə yanaşılmalıdır. Bəzi ali təhsil müəssisələrində yüksək balla qəbul olan abituriyentlərə təqaüd imkanları təqdim olunmalıdır ki, onlar məqsədli şəkildə bu ixtisası seçsinlər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə