GLOBE Şəbəkəsinin Bakıda keçirilən 6-cı Plenar iclası uğurla başa çatıb

Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı Plenar iclasının peşəkar seqmenti mayın 22-də Bakı şəhərində uğurlu nəticələrlə başa çatıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, proqrama uyğun olaraq, mayın 22-də iclasda GLOBE Şəbəkəsinin Regional Ofislərinin təsis edilməsi prosedurları ilə bağlı BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) nümayəndələri tərəfindən görülmüş işlər barədə təqdimatlar verilib. Eyni zamanda, korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda panel müzakirəsi aparılıb. Paneldə Küveyt Dövləti və UNODC nümayəndələri çıxış edərək, beynəlxalq əməkdaşlığın əhəmiyyətini və şəbəkənin potensialını vurğulayıblar.

Sonrakı müzakirələrdə korrupsiya cinayətlərinin araşdırılmasında cinayət təqibindən kənar həllərin innovativ tətbiqi məsələsi gündəmə gəlib. Cənubi Afrika, Braziliya, Tailand və Vyetnam nümayəndələri bu mövzu ətrafında çıxış edərək, qeyri-cinayət həll yollarının tətbiqinin vacibliyini qeyd ediblər.

Bununla yanaşı, digər bir panel ictimaiyyətin məlumatlandırılması və korrupsiyaya qarşı qabaqlayıcı tədbirlərin gücləndirilməsi mövzusuna həsr olunub. Rusiya, Çin (Honq Konq Xüsusi Administrativ Bölgəsi), Haiti, Pakistan və Nepal (onlayn) nümayəndələri korrupsiyaya qarşı mübarizədə ictimaiyyətin inamını artırmağın və dəstəyi səfərbər etmənin yolları barədə geniş məlumatlar təqdim ediblər.

Aktivlərin bərpası və beynəlxalq təcrübələrin mübadiləsi mövzusu da müzakirə olunan mövzular arasında yer alıb. Braziliya, Madaqaskar, Papua Yeni Qvineya, Tailand və Uqanda nümayəndələri, həmçinin Eqmont Qrupunun Azərbaycandan olan təmsilçisi Fuad Əliyev bu sahədəki mühüm addımları və müsbət təcrübələri təqdim ediblər.

Tədbirin bağlanış mərasimində Azərbaycan Respublikasının Baş prokurorunun müavini Nazim Rəcəbov çıxış edərək GLOBE Şəbəkəsinin korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün çox vacib bir platforma olduğunu bildirib. O, belə tədbirlərin dövlətlər arasında təcrübə mübadiləsini və etimadın gücləndirilməsini təmin etdiyini qeyd edərək, Azərbaycan dövlətinin bu platformada fəal iştirakını davam etdirəcəyini və qlobal mübarizənin gücləndirilməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

Eyni zamanda, Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədov tədbirdə çıxış edərək ölkənin korrupsiyaya qarşı mübarizədəki iradəsini və qlobal əməkdaşlıqda əldə olunan irəliləyişləri qeyd edib. O, həmçinin 2026-cı ildə Bakı şəhərinin İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Korrupsiyaya qarşı Mübarizə aparan Hüquq-mühafizə Orqanlarının Yüksək Səviyyəli Görüşünə ev sahibliyi edəcəyini bildirib.

Tədbirdə çıxış edən GLPBE Şəbəkəsinin İdarəetmə Komitəsinin sədri Nasser Abaalkhail (Səudiyyə Ərəbistanı), sədr müavini Boni de Moraes Soares (Braziliya) və GLOBE Şəbəkəsinin koordinatoru Rozitsa Zaharieva da iştirakçılara təşəkkür edərək korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi üçün əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.

Bağlanış mərasimində 6-cı Plenar iclasın nəticələri elan olunub. Bildirilib ki, GLOBE Şəbəkəsinin 7-ci Plenar iclasının Rumıniyada, 8-ci Plenar iclasının isə Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi barədə qərar qəbul olunub. Diqqətə çatdırılıb ki, GLOBE Şəbəkəsinə rəhbər komitə tərəfindən iki yeni müşahidəçi qəbul olunub. Afrika Dövlətlərinin Forumu Təşkilatı və "Eurojust"ın şəbəkədə müşahidəçi olması ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, tədbir korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsi və yeni yanaşmaların tətbiqi məsələlərinə həsr olunub. Ümumilikdə iclasa 92 ölkədən 120-dən çox dövlət qurumunun nümayəndələri qatılıb, 100-dən çox çıxış və 20-dən çox panel müzakirə olub.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrin nümayəndələri arasında 100-dən artıq ikitərəfli görüş keçirilib. Müxtəlif sahələrdə əməkdaşlıq, təcrübə mübadiləsi və inkişafın təşviqi məqsədilə təşkil edilən görüşlərdə iştirakçı ölkələrin təklif və perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə