YAP nümayəndə heyətinin ŞKTC-ə səfəri başa çatıb

Mayın 21-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Yeni Azərbaycan Partiyası (YAP), Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) və ŞKTC-nin Ulusal Birlik Partiyasını (UBP) təmsil edən gənclərdən ibarət “Bir Millət, Üç Dövlət Gənclik Düşərgəsi” layihəsinin iştirakçılarını qəbul edib.

SİA xəbər verir ki, YAP-dan verilən məlumata görə, Prezident Ersin Tatar xalqlarımız arasında münasibətlərin tarixi ənənələrə, ortaq dəyərlərə, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirib. O, üç ölkənin gənclər təşkilatları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq “Bir Millət, Üç Dövlət Gənclik Düşərgəsi” layihəsinin müsbət nəticələr verəcəyinə və bütün tərəflər üçün faydalı olacağına əminliyini ifadə edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov yüksək səviyyədə təşkil olunan səfərin hər üç ölkənin iqtidar partiyalarının gəncləri arasında əlaqələrin inkişafına əlverişli zəmin yaratdığını qeyd edib. O, hakim partiyaların gənclər qollarının birgə fəaliyyətinin müştərək hədəflərin reallaşdırılması baxımından önəmini diqqətə çatdırıb.

AK Partinin Gənclik Qollarının rəhbəri Yusuf İbiş və UBP-nin Gənclik Qollarının təmsilçisi Mahmud Hüdaverdi “Bir Millət, Üç Dövlət Gənclik Düşərgəsi” layihəsi çərçivəsində gənc partiya nümayəndələrinin bir araya gəlməsindən məmnunluqlarını bildiriblər.

Həmin gün, həmçinin gənclərin Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin inzibati binası ilə tanışlığı olub.

Hakim partiyaları təmsil edən gənclər ŞKTC-nin Baş naziri, Ulusal Birlik Partiyasının Sədri Ünal Üstelin adından verilən rəsmi ziyafətə də qatılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə