"Macarıstan Avropa məkanında müstəqil siyasət yürüdən bir dövlətdir" - ŞƏRH EDİLDİ
"Azərbaycan xarici siyasət doktrinasında balanslaşdırılmış siyasət həyata keçirir. Bu baxımdan, Azərbaycan Prezidentinin Macarıstana səfəri və macar tərəfinin qarşılıqlı səfərləri bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Macarıstan Avropa İttifaqının üzvü olsa da, müstəqil xarici siyasət yürüdən dövlətdir. Avropanın mərkəzində yerləşən bu ölkə, eyni zamanda Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıqda maraqlıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.
Onun sözlərinə görə, Azərbaycan ilə Macarıstan arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatında inkişaf edir: "Azərbaycan iqtisadi və siyasi sahələrdə Avropa dövlətləri ilə əməkdaşlığını davamlı şəkildə genişləndirir. Hazırda Azərbaycanın Avropanın bir sıra ölkələri ilə, o cümlədən enerji təhlükəsizliyi sahəsində, müxtəlif müqavilələri mövcuddur.
İqtisadiyyatın siyasətlə, siyasətin isə iqtisadiyyatla sıx bağlı olduğunu nəzərə alaraq, Azərbaycan Prezidenti bu istiqamətdə həm iqtisadi, həm də siyasi müstəvidə fəal siyasət həyata keçirir. Yaxın günlərdə Prezident Albaniyanın paytaxtında keçirilən beynəlxalq tədbirdə iştirak etmiş, orada Avropa ölkələrinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirmişdir. Ümumilikdə, həm Avropada müstəqil siyasət yürüdən dövlətlərlə, həm də Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlıq Azərbaycan üçün prioritet təşkil edir və bu istiqamətdə əlaqələr getdikcə genişlənir".
Politoloq qeyd edib ki, Bu görüşün yüksək səviyyədə və strateji baxımdan əhəmiyyətli bir formatda keçirilməsi, türk dünyasının inteqrasiyası və inkişafı baxımından mühüm nəticələrə gətirib çıxara bilər: "Müasir dövrdə Avropa sivilizasiyası müəyyən tənəzzül mərhələsindən keçir. Tarixi və siyasi kontekstdə nəzər yetirdikdə, Avropa məkanında baş vermiş I və II dünya müharibələri, eləcə də hal-hazırda Ukrayna ərazisində davam edən hərbi münaqişə, qlobal miqyasda üçüncü dünya müharibəsi təhlükəsi kontekstində qiymətləndirilir. Bu hadisələrin hər biri, əsasən, Avropa siyasətinin və bu məkanın dominant düşüncə modellərinin nəticəsi kimi ortaya çıxmışdır.
Xüsusilə, Ukraynada davam edən qarşıdurma, perspektivdə nüvə silahlarının tətbiqi ehtimalını artırır ki, bu da bütövlükdə bəşəriyyət üçün ciddi təhdid təşkil edir. Avropa eyni zamanda iqtisadi, siyasi və mədəni sahələrdə də nisbi tənəzzül yaşamaqdadır. Belə bir şəraitdə, dünyada alternativ sivilizasiya modellərinin formalaşması prosesi gedir. Bu kontekstdə Turan sivilizasiyası anlayışı, türk dünyasının inteqrativ potensialı və ortaq dəyərləri əsasında yeni bir inkişaf trayektoriyasını təmsil edə bilər".
Eyni zamanda o bildirib ki, Ukrayna-Rusiya müharibəsindən sonra dünyanın yenidən formatlaşması və daha güclü bir beynəlxalq sistemin formalaşması prosesi müşahidə olunur. Bu baxımdan, Türk dünyasının bu yeni sistemdə hansı formatda mövqe tutacağı aktual suallardandır. Türk dünyasının, Türk Dövlətləri Təşkilatı çərçivəsində Turan İttifaqının formalaşması bəşəriyyət üçün əhəmiyyətli bir hadisə ola bilər. Bu, dünyada haqq və ədalətin bərqərar olması baxımından mühüm əhəmiyyət daşıyır və Turan sivilizasiyasının meydana gəlməsini zəruri edir.
Bu kontekstdə Azərbaycan Prezidenti tərəfindən səsləndirilən fikirlər xüsusi önəm kəsb edir. Xüsusilə “Bizim evimiz Avropa deyil, Türk dünyasıdır” fikri, Azərbaycanın xarici siyasət prioritetlərinin istiqamətini və mədəni-siyasi mənsubiyyətini aydın şəkildə ifadə edir. Bu ideya, Türk Dövlətləri Təşkilatında, o cümlədən Avropada yerləşən Macarıstan kimi üzv ölkələrlə əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə inkişaf etdirilməsinə zəmin yarada bilər ki, bu da Azərbaycan dövlətinin milli maraqlarına uyğundur".
Politoloq vurğuluyub ki, Macarıstan Avropa məkanında müstəqil siyasət yürüdən bir dövlətdir: "Məlum olduğu kimi, Ukrayna-Rusiya münaqişəsində də Macarıstan öz müstəqil mövqeyini nümayiş etdirən ölkələrdən biridir. Xüsusilə qeyd etmək lazımdır ki, Macarıstan böyük güclərin və beynəlxalq təşkilatların təsiri altında olan bir dövlət deyil. Məsələn, İsrailin Baş naziri barəsində həbs qərarı qəbul edildikdən sonra Macarıstan bu qərara münasibətdə fərqli mövqe sərgiləmişdir. Eyni şəkildə, Rusiya-Ukrayna münaqişəsində də Macarıstan müstəqil siyasi mövqeyini qoruyub saxlamışdır.
Bu kontekstdə Azərbaycan ilə Macarıstan arasında münasibətlərin genişlənməsi, Azərbaycanın Avropada etibarlı tərəfdaşlar qazanması baxımından əhəmiyyətlidir. Xüsusilə də Macarıstan kimi sadiq və prinsipial mövqe sərgiləyən bir dövlətlə tərəfdaşlığın inkişafı, Azərbaycan dövlətinin maraqları ilə tam uzlaşır. Bu münasibətlər, eyni zamanda, bütövlükdə Türk dünyası üçün də strateji əhəmiyyət daşıyır.
Azərbaycanın Türk dünyası ilə əməkdaşlığı, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin dərinləşdirilməsi, dövlət başçısının regional və beynəlxalq səviyyədə apardığı siyasətin mühüm tərkib hissəsidir. Prezidentin Orta Asiya respublikalarına müntəzəm səfərləri və bu ölkələrlə qurulan qardaşlıq münasibətləri, Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrini gücləndirir"- deyə o əlavə edib.
Nəticə etibarilə, bu siyasət Azərbaycanın xarici siyasət strategiyasının uğurlu nəticəsi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq arenada nüfuzunun və mövqeyinin möhkəmlənməsi məhz bu ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsidir"- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə