"Bu Ağdamda mədəni dirçəlişinin əsas istiqamətidir" - ŞƏRH EDİLDİ

"Ağdam şəhərinin 20 noyabr Ağdam Günü kimi qeyd olunması, işğal və dağıntılardan sonra şəhərin yenidən doğuluşunun həm siyasi, həm tarixi, həm də strateji rəmzinə çevrilmişdir. Prezident İlham Əliyevin “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik...” fikri, bu prosesin dövlətçilik iradəsindəki qətiyyətin ən yüksək təcəssümüdür". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Ağdamın qaytarılması ilə Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də beynəlxalq hüququn real icrasını təmin edən aktor statusunu möhkəmləndirdi:

"2022-ci ildə təsdiqlənmiş “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” Qarabağ regionunun yenidənqurma modelində pilot konsepsiya rolunu oynayır. Hazırda şəhərdə məhəllə əsaslı planlaşdırma, kəndlərin mərhələli şəkildə yenidən qurulması, “Böyük Qayıdış” çərçivəsində əhalinin mərhələli şəkildə köçürülməsi həyata keçirilir. 2021-ci ildə yaradılan Ağdam Sənaye Parkı Qarabağın sənaye potensialının açılması baxımından strateji açar rolunu oynayır. 260 milyon manatlıq investisiya portfeli, 30-dan çox rezident və minlərlə daimi iş yeri Ağdamın post-münaqişə dövrü iqtisadi modelində dayanıqlı sənayeləşməni təmin edir. Bu park regionun Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ilə inteqrasiyasını sürətləndirən logistika və istehsal mərkəzinə çevrilir.

2025-ci ildə istifadəyə verilmiş Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi şəhərin regional kommunikasiya xəritəsində strateji qovşağa çevrildiyini göstərir. Muğam Mərkəzi, İmarət Kompleksinin bərpası, tarixi məscidlərin yenidən qurulması Ağdamın yalnız fiziki deyil, həm də mədəni dirçəlişinin əsas istiqamətləridir. Beləliklə, şəhər həm sənaye, həm nəqliyyat, həm də mədəniyyət mərkəzi funksiyalarını paralel şəkildə icra edir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə