"YAP Azərbaycanın regionda və qlobal səviyyədə mövqelərini möhkəmləndirir" - ŞƏRH EDİLDİ

"Azərbaycanın müstəqillik dövründə Yeni Azərbaycan Partiyasının rolu ölkənin son 33 illik inkişaf yolunu müəyyən edən əsas amillərdən biridir. 1990-cı illərin əvvəllərində siyasi xaos, idarəetmədə səriştəsizlik, separatçı meyllər və iqtisadi böhran fonunda ölkənin gələcəyi sual altında idi. Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını zamanın tələbi kimi qiymətləndirdi və siyasi sistemin yenidən qurulmasına başlanğıc verdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.

Onun sözlərinə görə, partiyanın 1992-ci ildə Naxçıvanda təsis edilməsi Azərbaycan üçün sistemli siyasi təşkilatlanmaya keçidin başlanğıcı oldu:

"Ulu Öndərin hakimiyyətə qayıdışı ilə YAP ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. Qısa müddətdə partiya cəmiyyətin müxtəlif təbəqələrini bir ideya ətrafında birləşdirərək siyasi sabitlik yaratdı. Bu sabitlik idarəetmənin bərpası ilə yanaşı, yeni iqtisadi və hüquqi çərçivələrin formalaşmasına da şərait yaratdı. Dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında YAP müstəqil dövlətin möhkəmləndirilməsi, demokratik institutların inkişafı və cəmiyyətin milli həmrəylik əsasında birləşdirilməsi istiqamətində strateji yol seçdi. Partiyanın qısa müddətdə geniş dəstək qazanması onun yalnız siyasi təşkilat kimi deyil, milli dövlətçilik modelinin daşıyıcısı kimi qəbul olunduğunu göstərdi. Prezident İlham Əliyevin son iki onillikdə həyata keçirdiyi siyasət Azərbaycanın iqtisadi gücünü artırdı, regional liderliyini möhkəmləndirdi, siyasi sabitliyi və təhlükəsizliyi təmin etdi, beynəlxalq əlaqələri genişləndirdi və ordunu yeni keyfiyyət mərhələsinə çıxardı. Bu proseslərin hər biri YAP-ın siyasi dayağı və ideoloji prinsipləri ilə uyğunlaşaraq partiyanı dövlət siyasətinin əsas aparıcısına çevirdi. Partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasəti sayəsində vətəndaşların böyük dəstəyini qazanan Yeni Azərbaycan Partiyasının xalqla birliyi sayəsində dövlətçiliyimizin əsasları möhkəmləndirildi. Təsadüfi deyil ki, ölkəmizdə sağlam təfəkkürlü, milli-mənəvi dəyərləri mənimsəmiş, Vətəninə, xalqına bağlı, sədaqətli vətəndaşları ümumxalq partiyası olduğunu tarix özü sübuta yetirən Yeni Azərbaycan Partiyasında təmsil olunmaları ilə qürur duyurlar.

2021-ci ildə keçirilmiş VII qurultay YAP-ın institusional inkişafının nümunəsidir. Yeni Nizamnamə, İdarə Heyətinin yenilənməsi, Veteranlar Şurasının təsis edilməsi və yeni Proqramın qəbul edilməsi partiyanın strukturunu müasir tələblərə uyğunlaşdırdı, idarəetmədə çevikliyi artırdı. Yeni Proqramın əsas prinsipləri – müstəqillik, dövlətçilik, qanunun aliliyi, varislik, konstruktiv dialoq, sosial ədalət, multikulturalizm və demokratik ənənələrin inkişafı YAP-ın dəyərlərini aydın göstərir. Ölkədə keçirilən seçki nəticələri partiyanın cəmiyyətdəki real nüfuzunu təsdiqləyir. 2024-cü il prezident seçkilərində İlham Əliyevin 92,12% səs toplaması, parlament və bələdiyyə seçkilərində əldə edilən qələbələr YAP-ın geniş sosial bazaya malik olduğunu və cəmiyyətin əsas siyasi dayağı olduğunu göstərir. Bugünkü gündə YAP yalnız daxili siyasətin idarəçiliyini deyil, həm də dövlətin milli maraqlarını qoruyan və beynəlxalq əməkdaşlıq imkanlarını yeniləyən siyasəti davam etdirir. Yeni siyasi mühitin qurulması, dialoqun genişləndirilməsi, təhlükəsizlik sisteminin gücləndirilməsi və postmünaqişə dövrünün tələblərinə uyğun inkişaf strategiyaları partiyanın prioritetləridir. Dövlətçilik prinsiplərinin daşıyıcısı kimi YAP varislik və modernləşməni birləşdirərək Azərbaycanın regionda və qlobal səviyyədə mövqelərini möhkəmləndirir. Hakim partiya müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürərək dövlət müstəqilliyimizin qorunub, möhkəmləndirilməsində müstəsna rol oynayıb. Danılmaz faktdır ki, bir siyasi təşkilat kimi təşəkkül tapan Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi uğurlar, nailiyyətlər Azərbaycanın dövlətçilik salnaməsidir. Ulu Öndərin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri partiyanın siyasi kimliyini və tarixdəki rolunu ən dəqiq şəkildə ifadə edir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə