Hansı aylarda balıq yemək düzgündür? - MÜTƏXƏSSİS ŞƏRH ETDİ

"Balığın tərkibində zülallar, karbohidratlar, yağlar, vitamin və mineral maddələr, eyni zamanda orqanizm üçün bir çox bioloji aktiv maddələrin olması onun faydalı qidalardan biri olduğunu göstərir. Eyni zamanda asan həzm olunduğu üçün bir çox hallarda pəhriz qidası kimi də istifadə edilir". Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, lakin zülallarla zəngin olması balığın daha tez xarab olmasına və düzgün şəraitdə saxlanılmadıqda tərkibindəki patogen mikro orqanizmlərin inkişafı üçün əlverişli mühitin yaranmasına səbəb olur: "Bu səbəbdən qeyri-sağlam və keyfiyyətsiz balıq qəbul edildikdə insan orqanizmində zəhərlənmə və hətta ölümlə nəticələnə biləcək fəsadlar yarana bilər. Ona görə də balıq və balıq məhsullarını mənşəyi məlum olan, baytarlıq nəzarətindən keçmiş mənbələrdən almaq tövsiyə olunur. Rəngi, qoxusu və təzəliyi şübhə doğuran qidalardan ümumiyyətlə istifadə edilməməlidir. Balığın faydaları saysız-hesabsızdır. Balıq insan orqanizmində immun sistemini gücləndirir, zərərli xolesterolu azaldır, görmə qabiliyyətini yaxşılaşdırır. Tərkibindəki "Omega-3" və "Omega-6" yağ turşuları beynin funksiyasını yaxşılaşdırır, dəri sağlamlığına müsbət təsir göstərir və bioloji qocalmanın qarşısını almaqda mühüm rol oynayır.

Lakin bu faydalardan yararlanmaq üçün balıq alınarkən, saxlanılarkən və bişirilərkən sanitar-gigiyena qaydalarına əməl olunmalıdır. Balığın polietilen paketlərdə açıq günəş altında satılması və saxlanılması yolverilməzdir. Əgər balıq mənfi 18°C-də saxlanılırsa, bu halda 3 aya qədər soyuducuda qalması mümkündür.

Yay aylarında balıqdan çox istifadə edilməməsi tövsiyə olunur. “R” hərfi olmayan aylarda balıq yeməmək fikri, əsasən, həmin dövrlərin balıqlar üçün kürü töküm dövrü olması ilə bağlıdır ki, bu da onların ovlanmaması və nəsillərinin davamlılığı üçün vacibdir. Yüksək hava temperaturu şəraitində balıq məhsulları tez xarab olur. Bir neçə saat açıq havada qalan balığın tərkibində fiziki və kimyəvi dəyişikliklər baş verir və bu da zəhərlənmə riskini artırır. Bundan əlavə, mənşəyi bəlli olmayan və ya qeyri-peşəkar şəxslər tərəfindən ovlanan balıqların tərkibində ağır metallar və digər zərərli maddələr ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükə yaradır.

Sonda qeyd etmək lazımdır ki, balıq bişirilərkən yalnız istifadə ediləcək qədər hazırlamaq və dərhal istehlak etmək tövsiyə olunur. Bişirilmiş balığın bir neçə gün sonra yeyilməsi, hətta keyfiyyətli olsa belə, sağlamlıq üçün təhlükəli ola bilər".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə