"Psixoloji sərhədlər insanın öz duyğularını, düşüncələrini, gözləntilərini, ehtiyaclarını və emosiyalarını qorumaq üçün yaratdığı bir çərçivədir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Səbinə Bəşirzadə deyib.

Onun sözlərinə görə, bu çərçivə vasitəsilə insanın emosional vəziyyəti, istismar olunub-olunmaması, tükənmişlik halları, münasibətləri və ümumi psixoloji rifahı daha aydın şəkildə müşahidə oluna bilər: "Psixoloji sərhədlər insanın düşüncə tərzindən, müşahidə qabiliyyətindən, şəxsi rifahından və psixikasının ümumi sağlamlıq səviyyəsindən asılı olaraq dəyişə bilər.
Bu sərhədlər əsasən fiziki, emosional, kognitiv və münasibət sərhədlərindən ibarətdir. Kognitiv sərhədlər insanın inancları, düşüncələri və daxili dünyası ilə bağlı olan çərçivələri ifadə edir. Emosional sərhədlər isə emosiyaları ifadə etmə və qoruma bacarığı ilə əlaqəlidir. İnsanlar bu sərhədlər vasitəsilə öz emosiyalarını necə ifadə etdiklərini və qarşı tərəfin onların emosional vəziyyətinə nə dərəcədə təsir etməsinə icazə verdiklərini müəyyənləşdirirlər. Bu bölgü insanın daxili aləminin müxtəlif hissələrini daha yaxşı anlamasına və onları daha sağlam şəkildə idarə etməsinə imkan yaradır.
Sərhədlərin pozulması halları çox zaman uşaqlıq təcrübələrindən qaynaqlanır. Valideynlərin davranış tərzi, həyat yanaşması və uşağa nümunə kimi göstərdikləri modellər gələcəkdə insanın şəxsiyyət tipini, özünə münasibətini və münasibətlərdə sərhəd qoyma qabiliyyətini formalaşdırır. Uşaq öz emosiyalarının necə qəbul edildiyini müşahidə etdikcə bunun normal və ya qəbuledilməz olduğunu öyrənir və bu da onun yetkinlik dövründə sərhədlərinə birbaşa təsir göstərir.
Travmalar, dəyərsizlik hissi, mükəmməlliyyətçilik və sevilməmək qorxusu psixoloji sərhədləri poza bilən əsas amillərdəndir. Bu amillər gücləndikcə insanın sərhəd qoya bilmə bacarığı zəifləyir və nəticədə tükənmişlik sindromu, depressiv pozuntular və təşviş pozuntuları ortaya çıxa bilər. “Hamını məmnun etməliyəm” inancı insanın “yox” deyə bilməməsinə, öz ehtiyaclarını ikinci plana atmasına və zamanla daxili aqressiyanın artmasına səbəb olur. Bu isə emosional balansı pozur və münasibətlərdə qeyri-sağlam dinamika yaradır.
Sağlam psixoloji sərhədləri qorumaq üçün ilkin olaraq “yox” deyə bilmə bacarığını inkişaf etdirmək vacibdir. İnsan istəmədiyi hallarda, imkanları uyğun olmadıqda və ya həddən artıq yükləndikdə özünü müdafiə etmək üçün “yox” deməyi öyrənməlidir. Eyni zamanda, özünü tanımaq — yəni duyğularını, ehtiyaclarını və emosional reaksiyalarını düzgün ayırd etmək — sərhədlərin möhkəmlənməsində böyük rol oynayır. İnsanın necə danışdığı, hansı tonda münasibət qurduğu və özünü ifadə üslubu da onun sərhədlərinin necə qəbul edildiyini müəyyən edir.
Bütün bu bacarıqlar ilk növbədə ailədə formalaşır, daha sonra isə dostluq münasibətlərinə, məktəb mühitinə, iş həyatına, şəxsi əlaqələrə və ailə qurduqdan sonrakı münasibətlərə sirayət edir. İnsan öz sərhədlərini tanıdıqca və onları qorumağı öyrəndikcə həm emosional yük azalır, həm də qarşılıqlı hörmət əsasında daha sağlam münasibətlər qurulur. Psixoloji sərhədlərin möhkəmliyi insanın ümumi rifahının, özünə hörmətinin və həyat keyfiyyətinin artırılmasında mühüm rol oynayır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB