“İkitərəfli münasibətlərin institusional əsasları kifayət qədər güclüdür” - ŞƏRH EDİLDİ

“Azərbaycan Respublikası ilə Ukrayna arasında münasibətlər yüksək səviyyəli siyasi dialoq üzərində qurulub və bu, əməkdaşlığın çoxşaxəli inkişafına ciddi təkan verir. Xüsusilə iqtisadi, ticarət və humanitar sahələrdə əlaqələrin genişlənməsi siyasi münasibətlərin möhkəmliyindən qaynaqlanır.
İkitərəfli münasibətlərin institusional əsasları kifayət qədər güclüdür: Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr, hökumətlərarası iqtisadi komissiya və parlamentlərarası dostluq qrupları əməkdaşlığın davamlılığını təmin edir. Parlament diplomatiyasının aktivliyi və 1995-dən fəaliyyət göstərən dostluq qrupları qarşılıqlı siyasi etimadın göstəricisidir”.

Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.


O bildirib ki, eyni zamanda tərəflər BMT, ATƏT, GUAM və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda bir-birini dəstəkləyir ki, bu da münasibətlərin yalnız ikitərəfli deyil, çoxtərəfli müstəvidə də strateji xarakter daşıdığını göstərir:

”Prezident İlham Əliyev Prezident Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri zamanı liderlər mətbuata birgə bəyanat vermişdir. Dövlət başçımız bildirib ki, Volodimir Zelenski ilə görüşlər müntəzəmdir və son 4 ildə 7 dəfə keçirilərək əlaqələri gücləndirib.

İqtisadi göstəricilərə əsasən, 2021-ci ildə ticarət dövriyyəsi pik həddə çatsa da, sonrakı illərdə azalma müşahidə olunur. Bununla belə, tərəflər bugünədək 162 hüquqi sənəd imzalayaraq əməkdaşlıq üçün geniş hüquqi baza yaradıblar. Əməkdaşlıq xüsusilə energetika sahəsində, SOCAR-la əməkdaşlıq, ticarət və hərbi-texniki sahələrdə geniş perspektivlərə malikdir. Tərəflər birgə layihələr və investisiyaların artırılmasını müzakirə ediblər.

Eləcə də Çex Respublikasının Baş naziri Andrey Babiş ilə Qəbələdə görüş ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcəkdir. Belə ki, ticarət dövriyyəsini daha da yüksək səviyyəyə qaldırmaq hədəf kimi qeyd olunub. Hazırda bu dövriyyə Çexiya ilə 800 milyon dollardan çoxdur. Amma bu, əsasən, Azərbaycan neftinin ixracı ilə əlaqədardır. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olması və strukturun təkmilləşdirilməsi istiqətində hökumətlərin qarşılıqlı iş aparması məqsəd kimi müəyyən edildi.

Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdı.

Ümumilikdə, hər iki səfər ölkələrimiz arasında dinamik inkişaf edən münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir, Avropa ölkələri ilə artan əməkdaşlıq və dünyanın enerji böhranından keçdiyi bir vaxtda özünü etibarlı qlobal enerji tərəfdaşı kimi təsdiq etmiş Azərbaycana, onun potensial resurslarına artan ehtiyacın göstəricisidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə