“Qarabağ və Şərqi Zəngəzurda işçilərin təhlükəsiz və sağlam əmək şəraiti prioritetdir” -ZAUR ƏLİYEV
“Azərbaycan-da əmək münasibətləri sahəsində son illərdə həyata keçirilən islahatlar institusional və texnoloji yeniliklərin paralel inkişafı ilə xarakterizə olunur. Bu kontekstdə rəqəmsallaşma prosesləri əmək bazarının idarə edilməsində mühüm transformasiya yaradan əsas amillərdən biri kimi çıxış edir”.
SİA xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Zaur Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “İş yerlərində psixososial risklərin idarə olunması: müasir yanaşmalar və həll yolları” mövzusunda konfransında deyib.
O qeyd edib ki, xüsusilə dünya miqyasında qabaqcıl təcrübələrdən biri kimi qiymətləndirilən ƏMAS (Əmək Müqaviləsi Bildirişi Alt Sistemi) vasitəsilə əmək müqavilələrinin elektron formada bağlanması geniş tətbiq olunmuş və sistemli şəkildə inkişaf etdirilmişdir. Hazırda bu platforma üzərindən təxminən 1,8 milyon əmək müqaviləsi elektron qaydada rəsmiləşdirilmişdir ki, bu da ümumi müqavilələrin 97 faizini təşkil edir. Bu göstərici əmək münasibətlərində şəffaflığın artırılması və idarəetmənin rəqəmsal əsasda optimallaşdırılması baxımından mühüm nailiyyət kimi dəyərləndirilir.
Əmək müqavilələri sahəsində həyata keçirilən islahatlar çeviklik, operativlik və proaktiv idarəetmə prinsiplərinə əsaslanaraq əmək bazarında hüquqi münasibətlərin daha səmərəli tənzimlənməsinə, eyni zamanda qeyri-formal məşğulluğun azaldılmasına xidmət edir.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma prosesləri əmək mühafizəsi məsələlərini daha da aktuallaşdırmışdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələr çərçivəsində işçilərin təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir.
Bu ərazilərdə giriş-çıxış informasiya sisteminin ƏMAS ilə inteqrasiyası nəticəsində proaktiv nəzarət mexanizmləri tətbiq olunmuş, əmək münasibətlərinin daha şəffaf və nəzarətli şəkildə idarə olunmasına şərait yaradılmışdır. Görülən tədbirlər nəticəsində təxminən 13 min əmək müqaviləsinin rəsmiləşdirilməsi təmin edilmişdir ki, bu da əmək münasibətlərinin leqallaşdırılması baxımından əhəmiyyətli göstərici hesab olunur.
Bununla yanaşı, dövlət qurumları və sosial tərəfdaşların birgə fəaliyyəti çərçivəsində geniş maarifləndirmə və təlim proqramları həyata keçirilir. Bu fəaliyyətlər əmək qanunvericiliyinin tətbiqi, işçi hüquqlarının qorunması və əmək mühafizəsi mədəniyyətinin formalaşdırılmasına yönəlmişdir.
2023-cü ildən etibarən Dövlət Əmək Müfəttişliyi Xidməti tabeliyində fəaliyyət göstərən Əmək Münasibətləri Mərkəzi bu sahədə institusional potensialın gücləndirilməsində mühüm rol oynayır. Mərkəzin fəaliyyəti əmək münasibətlərinin tənzimlənməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və əmək bazarında şəffaflığın artırılması istiqamətində mühüm nəticələr doğurmaqdadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB