"Azərbaycanda magistratura təhsili uzun illərdir ki, bakalavr səviyyəsindən sonra təhsilin davamı kimi təqdim olunur. Lakin son illərdə bu mərhələyə münasibət daha çox formal xarakter daşıyır, ali məktəb məzunlarının böyük bir qismi magistraturanı diplom və əmək bazarında rəqabət qabiliyyəti üçün “məcburi mərhələ” kimi qəbul edir. Halbuki magistratura sadəcə diplom deyil, ixtisaslaşmanın, akademik dərinliyin və elmi metodların öyrənildiyi strateji bir pillədir. Bu təhsil pilləsinin əhəmiyyəti, effekti isə onun necə və hansı məzmunda həyata keçirilməsindən birbaşa asılıdır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13-cü maddəsinə əsasən, magistratura ali təhsilin ikinci pilləsi kimi elmi-pedaqoji və elmi-tədqiqat fəaliyyətlərinə hazırlıq səviyyəsi hesab olunur: "Bu da o deməkdir ki, magistr pilləsinin vəzifəsi, sadəcə, təkrar fənn bilgisi deyil, daha çox həmin sahənin tədqiqat metodlarını, fəlsəfi əsaslarını və praktik dərinliyini öyrətməkdir. Təəssüf ki, hazırda ölkədə bir çox ali məktəbdə magistr proqramları sadəcə bakalavr təhsilinin bir növ davamı kimi təqdim olunur. Eyni proqramlar, eyni müəllimlər, eyni metodologiya ilə fərqli nəticə gözləmək qeyri-mümkündür. Bu səbəbdən də bəzi hallarda magistratura vaxt itkisi kimi qiymətləndirilir.
Statistik göstəricilər də bu problemi təsdiqləyir. 2024-cü ildə Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumata görə, magistraturaya qəbul üçün ərizə verənlərin 43 faizi müsabiqədən kənarda qalıb. Lakin qəbul olanların da 70 faizdən çoxu ixtisas üzrə deyil, sadəcə, nəticəyə uyğun olaraq yer tutub. Bu fakt özü göstərir ki, magistratura əksər hallarda məqsədli ixtisaslaşma yox, sadəcə “ali diplomun davamı” kimi qəbul olunur. Digər bir tərəfdən, bu mərhələnin proqramları da elə formalaşdırılıb ki, nə elmi tədqiqata, nə də praktik yönümlü mütəxəssis hazırlığına real imkan yaradır".
Ekspert qeyd edir ki, müsbət tərəflərini də qeyd etmək lazımdır. Magistr pilləsi bir çox hallarda inzibati və elmi vəzifələrə keçid üçün açar rolunu oynayır: "Məsələn, “Müəllimlərin işə qəbulu” müsabiqəsində və ya məktəb direktorlarının seçimi prosesində magistr dərəcəsi üstünlük təşkil edir. Eyni zamanda beynəlxalq təhsil və əmək bazarında tanınmaq, doktoranturaya qəbul olmaq, elmi jurnallarda nəşr fəaliyyətini genişləndirmək üçün magistr pilləsi zəruridir. Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da artıq bəzi ixtisaslarda magistr dərəcəsi mütləq tələblər sırasına daxil edilib. Bu isə onu göstərir ki, bu mərhələ yalnız akademik deyil, həm də praktiki dəyərə malikdir.
Dünya təcrübəsinə baxdıqda, magistratura təhsili daha çox tədqiqat əsaslı, analitik düşüncə və müstəqil qərarvermə bacarıqlarının inkişafına yönəlib. Məsələn, Finlandiyada magistr pilləsi universitet müəllimi olmaq üçün minimum tələblərdəndir və tədqiqat komponenti olmadan mümkün deyil. ABŞ-da magistr proqramları əsasən ya tədqiqat yönümlü (research-based), ya da praktiki yönümlü (professional-based) olmaqla iki qola ayrılır. Bu fərqləndirmə tələbəyə konkret seçim imkanı verir – ya akademik karyera, ya da praktik sahədə dərinləşmə. Azərbaycanda isə bu bölgü ya yoxdur, ya da çox zəif tətbiq olunur. Bu da nəticədə məzunların nə akademik aləmdə, nə də əmək bazarında tam hazır olmaması ilə nəticələnir".
Təhsil eksperti Kamran Əsədov qeyd edir ki, mövcud vəziyyəti dəyişmək üçün ilk növbədə magistr proqramlarının kurikulumları yenidən baxılmalı, bakalavr təhsili ilə təkrarçılıq aradan qaldırılmalı, ixtisaslaşma və tədqiqat bacarıqlarına əsaslanan məzmun təmin olunmalıdır: "Eyni zamanda, magistr təhsili müəllim hazırlığı sahəsində ciddi transformasiyanın əsas sütunu olmalıdır. Çünki müəllim yalnız fənn bilikləri ilə deyil, psixoloji hazırlıq, metodoloji çeviklik, pedaqoji analiz və süni intellekt kimi yeni texnologiyalara uyğunlaşma qabiliyyəti ilə formalaşır. Məhz bu səviyyədə süni intellektin təhsil prosesinə inteqrasiyası – dərs planlarının AI ilə hazırlanması, şagird davranışlarının analizi, fərdiləşdirilmiş təlim alqoritmlərinin öyrənilməsi – yalnız magistr səviyyəsində baş verə bilər.
Magistr pilləsinin gələcəkdə Azərbaycanda hansı dəyişikliklərə yol açacağı əsasən onun strukturlaşdırılmasından asılıdır. Əgər bu pillə elmi və peşəkar kadr hazırlığının baza mərhələsinə çevrilərsə, o zaman ölkənin təhsil, idarəetmə və elmi sisteminə yeni nəfəs gələ bilər. Əks halda, bu mərhələ yalnız formal diplom təminatı olaraq qalacaq. Ona görə də bu sahədə konseptual dəyişikliklər – proqramlararası fərqləndirmə, modul təhsili, distant və beynəlxalq ikili diplom sistemlərinin inteqrasiyası, süni intellektin tətbiqi və təcrübəyə əsaslanan qiymətləndirmə sistemləri vacibdir.
Əgər bu dəyişikliklər baş verərsə, magistratura pilləsi Azərbaycanda həm təhsilin keyfiyyətinə, həm də əmək bazarının ehtiyaclarına real cavab verən bir mərhələyə çevriləcək. Əgər dəyişiklik baş verməzsə, bu pillə yalnız vaxt itirənlər və ikinci diplom ovuna çıxanlar üçün formal keçid nöqtəsi olaraq qalacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə