“Tələbələrin xarici diplomlarının tanınması üçün bir sıra tələblər vardır. Dövlət proqramı və müəyyən qurumların sponsorluğu ilə güzəştli şəkildə qəbul olan tələbələrin diplomlarının tanınmasında problemlər demək olar ki, nəzərə çarpmır. Lakin xaricdə təhsil şirkətlərinin bir qismi yalan vədlər verirlər. Onlar Təhsildə Keyfiyyət Təminatı Agentliyinin şərtlərini, qaydalarını gözardı edirlər. Ümumiyyətlə bəzi xaricdə təhsil şirkətlərinin xarici diplomların hansı şərtlər altında tanınmasından xəbərləri belə yoxdur”. Bu sözləri təhsil eksperti Rizvan Kazımzadə SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, tələbələr xaricdə təhsil alarkən, diplomlarının tanınması ilə bağlı yerli qaydaların tələblərini gözləməlidirlər: "Bunlara fənlərin kredit sayı, əyani və qiyabi təhsildən asılı olaraq həmin ölkənin ərazisində qalması aiddir. Eyni zamanda hazırda faktiki olaraq Azərbaycanda distant təhsilin tanınmama problemi var. Bu təhsil forması qanunvericilikdə olsa da, praktiki olaraq həyata keçirilmir. Məzun xaricdə təhsil alarkən bütün parametrləri nəzərə almalıdır. Təhsildə Keyfiyyət Təminatı Agentliyi il ərzində bir neçə dəfə diplomu tanınmayan xarici universtetlərin tanınmama faizlərini elan edir”.
Rizvan Fikrətoğlu onu da vurğulayıb ki, abituriyenlər, valideynlər özləri də birbaşa xarici ali təhsil müəssisələrindən qəbul proseduralarını sorğu edərək aidiyyəti üzrə müraciət edə bilərlər: “Bunu edə bilmədikləri üçün xaricdə təhsil şirkətlərindən kömək alırlar. Lakin hər xaricdə təhsil şirkətindən kömək almaq düzgün deyil. Bunun üçün diqqət yetirməli bəzi məqamlar var. Düzgün işləyən təhsil şirkətinin üstünlüyü odur ki, sizə bələdçilik edir, birbaşa konsultasiya aparır, bilik və bacarıqlarınıza uyğun ixtisasa yönləndirir, vaxtında müraciət edilməsini, sənədlərin düzgün toplanılmasını və digər prosedur qaydalarını izah edir və müəyyən sənədləri toplamaqda yardım göstərir. Xaricdə təhsil şirkəti ilə müqavilə bağlayarkən bəndlərə fikir vermək lazımdır. Onların öhdəliyini diqqətlə analiz edin”.
Ekspertin sözlərinə görə, ən son dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik, hüquq və digər ixtisaslar üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan keçirilir: “Burada tanınmanın xüsusilə iki növü barəsində söz açmaq yerinə düşərdi. Birincisi kvalifikasiyanın akademik tanınmasıdır ki, burada xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycanda təhsilin növbəti pilləsində təhsilini davam etdirmək hüququ verir. İkinci tanınma isə kvalifikasiyanın peşə tanınmasıdır ki, burada xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycanın Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işə götürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsidir”.
Həmçinin məsələ ilə bağlı təhsil üzrə ekspert Əmrah Həsənli öz fikirlərini bildirib.
Onun sözlərinə görə, xaricdə təhsil alan tələbələrin diplomlarının tanınmaması bir neçə faktordan asılıdır: “Ən əsas səbəb təhsil aldıqları universitetlərin və ya proqramların ölkənin təhsil sistemi ilə uyğun olmamasıdır. Bəzi hallarda, universitetlər və ixtisaslar yerli təhsil standartlarına uyğun gəlməyərək tanınmır. Digər bir səbəb isə təhsilin keyfiyyətinin və akkreditasiya statusunun düzgün qiymətləndirilməməsidir. Məsələn, bəzi xarici universitetlər yerli akkreditasiya orqanları tərəfindən tanınmaya bilər, bu da həmin diplomun qəbul edilməməsinə səbəb olur”.
Eyni zamanda o bildirib ki, tələbələr mütləq şəkildə təhsil alacaqları universitetin və proqramın akkreditasiyası ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əlaqə saxlamalıdırlar: “Agentlik tərəfindən həmçinin rəsmi saytda da bununla bağlı universitet siyahıları dərc edilib. Diplomun tanınması üçün növbəti mərhələdə isə tələbə təhsil aldığı dönəmdə həmin ölkədə mütləq şəkildə olmalıdır. Həmin ölkənin dilini normal səviyyədə bilməlidir. Bəzi xaricdə təhsil şirkətləri tək attestatla distant oxumağı tələbələrə məsləhət görürlər. Bunu qeyd etmək lazımdır ki, ölkəmizdə distant təhsil haqqında qanun qəbul edilmədiyi üçün həmin diplomlar tanınmır. Abituriyentlərə və onların valideynlərinə məsləhət görürəm ki, əvvəlcədən mütləq şəkildə araşdırma etsinlər ki bu cür problemlərlə gələcəkdə üzləşməsinlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə