"Qarabağ Universitetinin perspektivi kifayət qədər yüksək olacaq" - EKSPERT BİLDİRDİ

“Qarabağ universitetində 2024-cü ildə tədrisin başlanması planlaşdırılır. Ümid edirəm ki, universitet bütövlükdə Azərbaycan ali təhsil tarixində yeni bir səhifə olacaq.” Bunu SİA-ya açıqlamasında fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib.

Ekspertin sözlərinə görə, Qarabağ universitetindən kifayət qədər çox gözləntilər var: “Ümid edirəm ki, Qarabağ Universitetində bizim ən yaxşı tələbələr, prezident təqaüdçüləri təhsil almağı planlaşdıracaqlar. İlk olaraq 4 fakültənin yaradılması nəzərdə tutulur amma təbii ki, gələcəkdə fakültələrin və ixtisasların sayının artırılması, bütövlükdə tələbə sayının artırılması mümkün olacaq. Amma bu reallıq budur ki, biz hazırda yalnız 4 fakültə üzrə qəbul həyata keçirə bilərik. Universitetin yaradılması böyük səy deməkdir. Bununla bağlı cənab prezidentin siyasi iradəsi mövcuddur. Bizim xalqımızın da Qarabağda kifayət qədər arzuları var. Bütövlükdə bu işlər böyük qayıdışa dair prezident tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində həyata keçirilir. Qarabağ Universiteti bütövlükdə azad edilmiş ərazilərdə iqtisadiyyatın tələblərinə cavab vermək, eyni zamanda peşəkar kadr hazırlamaq məqsədi daşıyır. Universitetdə gələcəkdə hansı ixtisasların olacağı, tədrisin hansı səviyyədə olacağı o vaxtın işidir. Hər birimizin istəyi ondan ibarətdir ki, Qarabağ Universitetində ən yüksək səviyyədə tədris həyata keçirilsin, ən müasir ixtisaslar üzrə kadr hazırlığı keçirilsin”.

İ.Orucov bildirib ki, Xankəndidəki universitetin tarixi 1969-cu ildən başlayır: “O universitetdən məzun olan insanlarımız Azərbaycanın elm, təhsil həyatında, ölkənin ümumi intellektual səviyyəsinin yüksəldilməsində iqtisadiyyatının gücləndirilməsində hər zaman seçiliblər. Bütün bunlar deməyə əsas verir ki, Qarabağ Universitetinin gələcək perspektivi kifayət qədər yüksək olacaq. Mən buna əminəm ki, ən yaxşı nəticə qazanan məzunlar bu universiteti seçəcəklər. Digər tərəfdən universitet mühiti bu zonanın davamlı mədəni inkişafını təmin edəcək. Xankəndi bizim tarixi şəhərimizdir, Qarabağ torpağının mədəni mərkəzidir. Eyni zamanda düşünürəm ki, Qarabağ universitetinin digər rayonlarda da filialları fəaliyyət göstərə biləcək. Hesab edirəm ki, gələcəkdə bu istiqamətdə də işlər görüləcək”.

Müsahibimiz qeyd edib ki, Xankəndidə fəaliyyət göstərəcək Qarabağ Universiteti üçün çox vacib məqamlar olan infrastrukturunun genişləndirilməsi üçün müasir səviyyədə kampusların tikintisi, universitetin maddi-texniki bazasının gücləndirilməsi, tələbə şəhərciklərinin salınması baxımından əlverişli mühit var: “Burada Geniş bir ərazi var və paytaxtdan fərqli olaraq bu ərazidə qeyd edilən şəraiti qurmaq mümkün olacaq. Qarabağın təbiəti, iqlimi elədir ki, universitetimizi ən müasir tələblər səviyyəsində qura, bərpa edə biləcəyik. Əminəm ki, Qarabağ Universitetinin məzunları təkcə Qarabağ bölgəsinin deyil, eyni zamanda ölkəmizin ümumi inkişafında çox mühüm yer tuta biləcəklər”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə