Tbilisidən Kaxetiyə gedən beynəlxalq avtomobil magistralı yenidən qurulur. Bu yolun tam bərpası Tbilisidən Kaxetiyə gedən yolu 2 saata qədər qısaldacaq.
SİA-nın əldə etdiyi məlumata görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze ilə birlikdə avtomagistralın 35-ci kilometrində həyata keçirilən işlərlə tanış olub.
Bildirilib ki, Gürcüstan ərazisindən keçən və Böyük İpək yolunun tərkib hissəsi olan avtomobil yolları yenidən qurulur. Azərbaycanla sərhəddən başlayan hər iki beynəlxalq əhəmiyyətli yolun tam təmiri beynəlxalq avtomobil daşınmalarında həm vaxta, həm də xərclərə qənaət etməyə imkan verəcək.
Baş nazir deyib ki, hökumət Kaxeti bölgəsinin yol infrastrukturunun yenidən qurulmasına 2 milyard lari vəsait ayrılmasını nəzərdə tutub və bunun da 1 milyardı artıq ayrılıb. Beynəlxalq əhəmiyyətli bu yolun ümumi uzunluğu 85 kilometrdir.
Tbilisi-Saqareco avtomobil yolu üç hissəyə ayrılmaqla yenidən qurulur. Yeni yol 4 zolaqlı, beton-asfalt örtüklü olacaq. Magistral Tbilisini Kaxeti, eləcə də Azərbaycanın şimal-qərb bölgəsi ilə birləşdirən beynəlxalq əhəmiyyətli yoldur.
Kaxetidə bu yolun yenidən qurulması layihəsi ilə yanaşı, daha 65 kilometr uzunluğunda əlavə yolların tikintisi, 1 körpünün təmiri və sahil bərkitmə işləri həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB