Monitorinq və qiymətləndirmə hesabatı hazırlanıb - FOTOLAR

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”-nın 2020-ci il üzrə nəticələrinə dair monitorinq və qiymətləndirmə hesabatı hazırlanıb. SİA məlumat verir ki, hesabatda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları Ramil Hüseyn, Yusif Səfərov və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Aparatının rəhbəri Elxan Mikayılov çıxış edib.

Dövlət Proqramının 2020-ci il üzrə monitorinq və qiymətləndirilməsi ilkin nəticə (output), nəticə (outcome) və gözlənilən təsir (impact) indikatorları olmaqla üç səviyyədə aparılıb. 2020-ci il üzrə monitorinq və qiymətləndirmə 7 gözlənilən təsir indikatoru, 24 nəticə və 64 ilkin nəticə indikatoru olmaqla toplam 95 indikatoru əhatə edib. 2020-ci il üzrə Proqramın icra faizi gözlənilən təsir indikatorlarına əsasən 90.4 faiz, tədbirlər üzrə ilkin nəticə indikatorlarına görə isə 53,95 faiz səviyyəsində qiymətləndirib. Proqram nəticəəsaslı qiymətləndirilməsi aparılan ilk Dövlət Proqramıdır. Burada qiymətləndirmə hər bir tədbir üzrə görülmüş işlər əsasında deyil, aparılmış fəaliyyətlərin hədəflənən nəticələri yaratması və gözlənilən təsirlərin ölçülməsi əsasında aparılıb.

Eyni zamanda əsas icraçı qurumların reytinqi hər bir qurum üzrə müvafiq ildə qiymətləndirilən tədbirlər əsasında müəyyən edilib. Qida Təhlükəsizliyi Agentliyi əsas icraçısı olduğu 47 tədbir üzrə icra faizi 58,47 faiz, Kənd Təsərrüfatı Nazirliyi əsas icraçısı olduğu 5 tədbir üzrə icra faizi 53,7 faiz, Təhsil Nazirliyi əsas icraçısı olduğu 2 tədbir üzrə icra faizi 35 faiz, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə əsas icraçısı olduğu 1 tədbir üzrə icra faizi 0 faiz üzrə qiymətləndirilib. Dövlət Proqramının monitorinq və qiymətləndirməsi çərçivəsində qida təhlükəsizliyi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, elmi sübutlara əsaslanan risklərin təhlili sisteminin formalaşdırılması, qeydiyyat, təsdiq və sertifikatlaşdırılması sisteminin təkmilləşdirilməsi, risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması, dövlət-özəl sektor əməkdaşlığının inkişaf etdirilməsi, müasir texnologiyalar və innovativ həllərin tətbiqi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, qida təhlükəsizliyinin ilə bağlı əhalinin maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi və istehlakçı hüquqlarının qorunması istiqamətlərində 12 əsas prioritet üzrə qiymətləndirmə aparılıb.

Qeyd edək ki, müvafiq hesabat hazırlanarkən dünya təcrübəsi araşdırılmış və bir sıra ən yaxşı təcrübələrdən, o cümlədən Dünya Bankının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, BMT strukturunun və digər beynəlxalq təşkilatlar nəticəəsaslı monitorinq və qiymətləndirmə sahəsində əldə olunan nailiyyətlərdən geniş istifadə edilib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...