Lirənin ucuzlaşması nələrə səbəb olacaq? - İQTİSADÇI ŞƏRH ETDİ

“Hesab edirəm ki, Türkiyədə faktiki olaraq lirənin ucuzlaşması ilə bağlı olan proseslər Türkiyə iqtisadiyyatında böyük izlər qoyacaq. Eyni zamanda, bu, Türkiyə iqtisadiyyatının dərin sistemli zəiflikləri ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, bir tərəfdən doğrudur ki, daxili istehlak bazarında yerli məhsulların kifayət qədər çox olması Türkiyədə sosial problemlərin dərinləşməsinin qarşısını alır: “Amma eyni zamanda, Türkiyə enerji daşıyıcıları və digər bir sıra mühüm əmtəə qrupları üzrə idxaldan asılı ölkədir. Türkiyədə idxal ənənəvi olaraq ixracı üstələyir. Xarici ticarətdə kəsr var və Türkiyədə milli valyutanın sabitliyi xeyli dərəcədə investisiya axınlarının müsbət saldosu ilə təmin edilmiş olurdu. Hazırda isə biz görürük ki, müxtəlif təzyiqlər nəticəsində ilk növbədə, qərb dövlətləri tərəfindən tətbiq olunan sanksiyaların nəticəsində, kapital axınının Türkiyə dövləti tərəfindən qarşısının alınamaması üçün faktiki olaraq investisiya axınlarında da problemlər var. Bu da sözsüz ki, Türkiyə iqtisadiyyatına çox güclü təsir vurmaqdadır”.

“Hesab edirəm ki, Türkiyə Prezidentinin kredit siyasətinin yumuşaldılması ilə bağlı israrlı siyasəti adekvatdır. Çünki, Türkiyədə istehsalın stimullaşdırılması, iqtisadi artımın təmin olunması üçün bu tələb olunur. Eyni zamanda, Türkiyə istehsal və ixracatdan asılı ölkədir. Ona görə Türkiyə biznesinin ayaqda qalması olduqca önəmlidir. Pul kredit siyasətinin sərtləşdirilməsi düşünürəm ki, vəziyyətdən çıxış yolu hesab edilə bilməz. Amma bununla yanaşı şübhəsiz ki, Türkiyə iqtisadiyyatının potensialının zəif olması amili reallıqdır. Nə təbii resurs bazası, nə iqtisadiyyatda tələb olunan istehsal gücləri lazımi səviyyədə deyil”.

İqtisadçı sözlərinə belə davam edib: “İstehsal potensialı tam güclə işləyir və ixracatın artımı üçün də demək olar ki, o qədər də böyük imkanlar yoxdur. Bununla yanaşı idxalda enerji daşıyıcılarından xüsusilə asılılıq yüksək səviyyədədir. Bütün bunlar da Türkiyə üçün böyük bir problemdir”.

“Düşünürəm ki, əgər Rusiya ilə Azərbaycan Türkiyəyə kifayət qədər komfortlu qiymətlərlə qaz ixrac etməsəydi, biz, bu gün Türkiyədəki problemlərin böyük sosial fəsadlarının şahidi olacaqdıq. Ona görə də, düşünürəm ki Azərbaycan və Rusiyanın hazırki şəraitdə Türkiyədə daxili sabitliyin qorunmasında rolu olduqca yüksəkdir. Bütün bu proseslər Türkiyəni çox böyük dilemma qarşısında qoyacaq. Türkiyədə daxili sabitliyin qorunması üçün bu dövlətin Avrasiya məkanına inteqrasiyası ən optimal variantdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə