"Yeni iqtisadi rayonun məhz “Şərqi Zəngəzur” adlandırılması..." - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Xankəndi, Ağdərə, Xocalı və ümumilikdə digər işğal altında olan ərazilərimizə qayıdışın əsası çox əvvəllərdən, hələ münaqişənin tənzimlənməsi ilə bağlı beynəlxalq vasitəçilərin iştirakı ilə danışıqlar aparılan və zəruri sənədlər hazırlanan zaman qoyulub. Bütövlükdə beynəlxalq hüququn özü də daim Azərbaycanın ərazi bütövlüyünün bərpasına, işğaldan azad edilən ərazilərə yerli əhalinin, qaçqınların və məcburi köçkünlərin qayıtmasına əsaslanmışdır”. Bunu Milli Məclisin deputatı Eldəniz Səlimov SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, qeyd olunan ərazilər daim ölkəmizin ayrılmaz tərkib hissəsi olub və hüquqi nöqteyi-nəzərdən də bu, dünya ictimaiyyəti tərəfindən və beynəlxalq səviyyədə həmişə təsdiqlənib: “Təəssüf ki, Ermənistanın təcavüzkar və işğalçı siyasəti bunu reallaşdırmağa imkan verməyib. İndi isə Azərbaycan qalib ölkə kimi bünövrəsi çox əvvəllərdən qoyulmuş bu prinsipin praktik olaraq reallaşdırılması mərhələsinə keçid edib deyə bilərik. Cənab Prezidentin haqqında bəhs edilən Fərmanı da bu səbəbdən mühüm əhəmiyyətə malikdir. Digər tərəfdən isə fərmanda bir sıra ciddi mesajlar var.
Bunlardan birincisi sizin sualda vurğuladığınız inzibati vahidlərin ayrılıqda məhz Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilməsidir və hesab edirəm ki, bu, artıq bütün dünyaya verilmiş və qələbəmizlə möhürü vurulmuş “Qarabağ Azərbaycandır!” şüarının növbəti rəsmi ifadəsi hesab edilə bilər.
İkinci önəmli məqam isə təbii ki, Zəngəzurla bağlıdır. Fərmanla yaradılmış yeni iqtisadi rayonun məhz “Şərqi Zəngəzur” adlandırılması, fikrimcə, bəzi dairələrə ünvanlanmış çox ciddi mesajdır, çünki bu mesaj dolayı da olsa, fikirlərdə həm də Qərbi Zəngəzurla da səsləşir. Bütün qeyd edilən xüsusiyyətləri nəzərə alınmaqla barəsində danışdığımız fərman böyük qayıdışımızın bariz nümunələrindəndir və özündə dövlətimizin bu istiqamətdə gələcək fəaliyyət istiqamətləri ilə bağlı nüansları da əks etdirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB