“Bu gün daha yaxın olmaq lazımdır” KOMİTƏ ÜZVÜ AÇIQLADI

“Bu gün daha yaxın olmaq lazımdır” KOMİTƏ ÜZVÜ AÇIQLADI

“İlk növbədə, xırda prosesi də cəmiyyətdə elə bil ki, siyasiləşdirməyə çalışırlar. Burada siyasi kökləri axtarmağa ehtiyac yoxdur. Fundamental münasibətlər, o cümlədən, son üç ildə və o cümlədən, Vətən müharibəsində bizim uğurlu qələbədən sonra bu münasibətlər, Rusiya ilə Türkiyə arasındakı münasibətlər təbiidir ki, daha da sıx oldu.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Rüfət Quliyev deyib.

Komitə üzvü qeyd edib ki, Rusiya da, Türkiyə də nəhəng, böyük dövlətdir və bu dövlətlərin rəhbərləri də başa düşdülər ki, bu gün daha çox yaxın olmaq lazımdır.

“Pamidordur, ərzaq mallarıdır, kənd təsərrüfatı mallarıdır, bu gün dünyada bu məhsulların, ərzaq mallarının qiymətinin artımı müşahidə olunur, hansı ki bu proses 2011-ci ildən başlayıbdır. Özü də hər il təxminən 0,5, 0,8 faizdən tutmuş 1,6 faizə qədər artır. Təbii ki, məhsuldan məhsula fərq də var. Nəyə görə bu belədir? Təbii ki, tələbat artır, dünyada insanların sayı artır və bununla əlaqədar hər yerdə qiymətlərin artımı müşahidə olunur. Tələbatın artımını da burada nəzərə almaq lazımdır.

Digər tərəfdən, əgər Türkiyə-Rusiya münasibətləri fonunda kənd təsərrüfatı məhsullarında görürük ki, artım varsa da, amma türizmlə əlaqədar müəyyən problemlər də mövcuddur ki, o da pandemiya ilə əlaqədardır. Beləki, Rusiya uçuşlarını, Türkiyəyə uçuşlarını məhdudlaşdırıb və təbii ki, bu da Türkiyənin turizm sahəsinə müəyyən qədər təsir edəcək. Amma ilk növbədə münasibətlər çox gözəldir, münasibətlər inkişaf edir, dünyada qida və kənd təsərrüfatı məhsullarına tələbat artır. Tələb-təklif qanununa müvafiq olaraq, təbii ki, tələbat artanda qiymətlər də artır.

Burada bir məsələ də var ki, Rusiya sanksiya altındadır. Ona görə də başqa ölkələrdən, Avropa ölkələrindən Rusiya məhsul ala bilmir. Elə bu baxımdan, Rusiyanın kənd təsərrüfatı, tərəvəz məhsulları idxalında Azərbaycandan olan idxalda da artım var. Sadəcə olaraq, həmin məhsulların keyfiyyətinə, xəstəliklərin olub-olmamasına baxılır. Yəni, bu gün bütün dünyada ən çox diqqət bax bu kənd təsərrüfatı məhsullarının keyfiyyətinə ayrılır, onun təhlükəsizliyinə fikir verilir”, deyə Rüfət Quliyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə