Toylara verilən icazə "yastıqaltı" pulları dövriyyəyə qaytaracaq – İQTİSADÇI

Toylara verilən icazə "yastıqaltı" pulları dövriyyəyə qaytaracaq – İQTİSADÇI

"Bu həftə keçirilən brifinqdən insanların gözləntiləri çox idi. Bunlardan biri də toylarla icazələrin verilməsi ilə bağlıdır. Bu qərar həm cəmiyyət üçün, həm də iqtisadiyyat üçün son dərəcə əhəmiyətli qərar olardı. Bu qərardan dərhal sonra iqtisadi aktivlik artacaq". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

İqtisadçı bildirib ki, həm də bu aktivlik kifayət qədər sürətlə və böyük tendensiya ilə müşahidə ediləcək: “Onsuz da insanlar bu məqsədlə pul yığıblar və həmin pullar dövriyyədən çıxarılaraq “yastıqaltı” pullara çevrilib. Toy və digər bu qəbildən olan mərasimlərə icazə veriləcəyi halda böyük bir pul kütləsi iqtisadiyyatımıza daxil olacaq. Bu da aktiv dövriyyə həcmlərinin artmasına səbəb olacaq. Dövriyyə həcmi artdıqda isə bununla bağlı digər sahələrdə də geniş fəallıq yaranacaq”.

E.Əmirov bildirib ki, bəs konkret olaraq hansı sahələrə və hansı təsirləri olacaq –deyə düşünsək görərik ki toylara icazə veriləcəyi təqdirdə müsbət təsiri ilk növbədə işsizliyin azalmasına olacaq: "Hazırda şadlıq saraylarında işləyənlərin sayı ilə bağlı dəqiq statistika olmasa da, amma onminlərlə insanın iş yerinin yenidən fəaliyyətə başlayacağını deyə bilərik. Bu isə on minlələr ailə deməkdir. Onminlərlə ailə yüzminlərlə vətəndaş deməkdir. Demək ki, toylara verilən icazə ilk növbədə şadlıq saraylarında iş təminatı hesabına yüz minlərlə insanın rifahına təsir etmiş olacaq. Amma müsbət təsirlər bununla da bitmir. Toylara icazə verilməsi xidmət sahələrindən olan gözəllik salonlarında, bərbərxanalarda da canlanmaya səbəb olacaq. Şadlıq sarayları, restoranları məhsulla təchiz edən şirkətlər var ki, onların da aktivliyi, gəliri artacaq. Belə demək mümkündürsə, musiqi sahəsində çalışanların da üzü güləcək. Avtomobil icarəyə verən sahibkarlar var ki, onların da əsas biznesi toy mərasimlərinə bağlı idi. Bu icazədən sonra avtomobil kirayələnməsində də canlanma olacaq. Eyni zamanda paltar kirayələnməsində də bunu müşahidə edəcəyik. Əhalinin demoqrafik artımında da müsbət tendensiya müşahidə ediləcək. Bu, həm toylara icazə verilməsinin nəticəsində mümkün olacaq, həm də epidemioloji vəziyyətə görə valideyn olmağı planlamayanlar var idi ki, onlar da uşaq planlamaları haqda düşünəcəklər. Psixoloji rahatlıqdan dolayı demoqrafik aktivlik müşahidə edəcəyik”.

İqtisadçının sözlərinə görə, göründüyü kimi bir toya icazə verməklə çox istiqamətda canlanma yaranacaq: "Bu isə vergi yığımının artmasına səbəb olacaq. Bu da dövlət büdcəsinin formalaşmasına müsbət təsir göstərəcək. Vergi tutulmalarının artırılması təbii olaraq dövlət büdcəsinin formalaşmasında, həcminin artmasında böyük rol oynayır. Bundan əlavə, fəaliyyəti dayandırılmış sahələrdə çalışanlara dövlət dəstək göstərirdi ki, dövlət bu yükdən də azad olacaq. Bircə qaldı icazə”.

Bütün xəbərlər Facebook səhifəmizdə