"Azərbaycanda taksilər əksər insan üçün əlçatandır" ÖZƏL - MÜSAHİBƏ
"Əgər, hansısa bir şirkət sərnişin daşımalarını 10 qəpikdən həyata keçirərsə, ona heç kim qadağa qoya bilməz. Taksilərdə də belədir, tənzimləmələr olsa belə yuxarı qiymətə tənzimlənəcək". Bu sözləri SİA-ya müsahibəsində nəqiyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. O, Azərbaycanda taksi fəaliyyətində tətbiq olunan qiymətlərdən danışıb və taksilərin müəyyən tarif əsasında xidmət göstərməsi məsələsinə münasibət bildirib.
Ölkəmizdə taksilərin fəaliyyətini necə dəyərləndirirsiniz?
Taksilər qeyri-müəyyən dairədən olan sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələridir. Sözün dar mənasında taksilər də ictimai nəqliyyat hesab edilə bilər. Bu, özünəməxsus ictimai nəqliyyatdır, taksinin xüsusiyyəti ondan ibarətdir ki, fərdi sifarişlə sərnişin daşıyır və həmin sifarişi verən sərnişinin seçdiyi vaxtda ictimai nəqliyyatda marşrutlar işləməsə belə taksi sərnişini istənilən nöqtədən götürür və istənilən nöqtəyə çatdırır. Daşınmalar daha konfortludur, daha fərdi xarakter daşıyır. Bir sözlə hər kəsə lazım olan bir nəqliyyat vasitəsidir. Hətta, hər gün sərnişin daşıyan avtobus sürücüsünə belə lazım ola bilər. Digər tərəfdən maddi vəziyyətindən asılı olmayaraq taksilərin fəaliyyəti hər bir şəxsin ehtiyacını ödəyir. Ola bilsin ki, kiminsə səhhətində problemlər mövcuddur və o, avtobus dayanacağına gedə bilmir. Yəni, taksilər əhalinin mobilliyinin təmin edilməsində rol oynayan bir daşıma vasitəsidir. Hamı üçün əlçatan olması çox vacibdir. Burada yoxsul, zəngin, məşğul və ya bekar adam məsələsi yoxdur. Hamının bu vasitəyə ehtiyacı ola bilər.
Azərbaycanda taksilərin qiyməti hər kəsi qane edəcək səviyyədədirmi?
Azərbaycanda taksilər gediş haqqısına görə əksər insan üçün əlçatandır. O qədər də baha deyil. Bu çox gözəl xüsusiyyətdir və qeyri-adi proses deyil, belə də olmalıdır.
Taksilər üçün xüsusi tariflərin təyin olunması məsələsinə necə yanaşırsınız?
Bununla bağlı çoxlu mübahisələr var. Hansısa ölkələrdə bu tariflər var. Sovet dövründə bu, Azərbaycanda da olub. Lakin, müstəqillikdən əldə ediləndən sonra bu öz əhəmiyyətini itirdi. Təxminən, 12-15 il bundan əvvəl taksilər üçün tariflər müəyyən olundu, lakin, bu tariflər özünü doğrultmadı. Çünki, taksiyə qiymət müəyyən etməyin çox incə məqamları var. Avtomobil sinfinə uyğun taksilərin növü belə fərqli ola bilər. Daşımaların rahatlığına görə, şəhərətrafı və şahərdaxili fəaliyyətlərinə görə taksilər siniflərə ayrıla bilər. Bir şəhərdən digər şəhərə gedən yaxud Bakı şəhəri daxilində çalışan taksilərin biri-birindən fərqləri var. Yəni, taksilər üçün vahid tarif təyin etmək çox incə meyarları nəzərə almağı tələb edir. Buna görə də, 12-15 il bundan əvvəl təyin edilən tariflər özünü doğrultmadı və ləğv olundu.
Taksilər üçün xüsusi tariflərin təyin olunmasına ehtiyac var?
Düşürəm ki, hazırda buna heç bir ehtiyac yoxdur. Buna heç qanun da imkan vermir. Çünki, ölkəmizdə "Tənzimlənən Qiymətlər Haqqında Qanun" var. Burada hansı məsələlərin dövlət tərəfindən tənzimləyə biləcəyi və hansı prinsiplərə əsasən tənzimlənəcəyi qeyd edilib. Tənzimləmənin dairəsi və prinsipləri var. Taksi daşımaları tarifləri nə həmin prinsiplərə uyğundur, nə də həmin dairəyə daxildir.
İki məhşur prinsip var: Birincisi, dövlət həmin qiymətləri tənzimləyir ki, orada təbii inhisarçılıq mümkündür. Məsələn, qazın, elektrik enerjisinin, suyun, benzinin əhaliyə satışı yaxud avtobuslarda gediş haqqı, metronun qiymətləri, bunları dövlət tənzimləyir. Əgər metronu nəzarətsiz buraxsaq, gediş haqqı bir manat olar.
İkincisi, tənzimlənən qiymət insanların gündəlik qaçınılmaz təlabatlarına aiddir. Məsələn, çörəyin, dərman preparatlarının qiyməti, həmçinin, avtobusta, metroda gediş haqqı və s. Buna görə də də sadalanan vasitələrin qiymətlərini dövlət tənzimləyir.
Taksi sərbəst xidmətdir. Onun qiymətini tənzimləməyə ehtiyac yoxdur. Buna qanun da imkan vermir, eyni zamanda, burada hər hansı bir iqtisadi əsaslandırma da yoxdur.
Bəs, digər ölkələrdə necə?
Burada arqument gətirilə bilər ki, axı, digər ölkələrdə bu praktika mövcuddur. Məlumat üçün bildirim ki, bu ölkələrdə tənzimləmələr çoxdandan var, necə ki, bizdə də Sovet dövründə var idi. Müasir dövrdə isə bu praktiki əhəmiyyətini itirməyə başlayıb. Çünki, yeni taksi daşıma variantları var və onlar daha praktik olmağa başlayıblar. Buna görə də ölkəmizdə sadalanan meyarlara və qanuna görə tariflərin dövlət tərəfindən tənzimlənməsinə də ehtiyac yoxdur. BNA-nın bu haqda irəli sürdüyü təklif, düşünürəm ki, kağız üzərində qalacaq. Çünki, bunun hüquqi və iqtisadi əsası yoxdur, sadəcə ideyadır.
Əgər, tariflər tətbiq edilsə onda nə dəyişiklik ola bilər?
Tariflər tətbiq edilsə belə ölkəmizdə Tarif Şurası bir qayda olaraq yuxarı qiyməti müəyyən edir. Bakı Nəqliyyat Agentliyi bildirir ki, bu üsulla sürücülərin vəziyyətini yaxşılaşdırmaq istəyir, daşımalar ucuzdur və onları istismar edirlər və s. Lakin, onsuz da Tarif Şurası tarifləri təyin edərsə, bunu yuxarı həddə müəyyən edəcək. Məsələn, bu gün üçün avtobuslarda gediş haqqı 30 qəpik yuxarı həddə götürülür. Əgər, hansısa bir şirkət sərnişin daşımalarını 10 qəpikdən həyata keçirərsə, ona heç kim qadağa qoya bilməz. Taksilərdə də belədir, tənzimləmələr olsa belə yuxarı qiymətə tənzimlənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB