"Vergi sahələr üzrə bölünsün, kimin pulun var o, restorana getsin" - RƏY
"Dövriyyədən vergiləndirmə prinsipinə keçilməlidir. Məsələn, istehsalla məşğul olanlar 2 faiz, çünki istehsal vacibdir və stimullaşdırılmalıdır. Lakin, xidmət sahəsi, məsələn, kafe və restoranlar 8 faiz vergi verə bilər. Çünki bu sosial məsələ deyil. Kimin pulu varsa o, restorana və kafeyə getsin". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli dünya bazarında neftin ucuzlaşması və Azərbaycanda bununla bağlı görülən tədbirləri şəhr edərkən deyib.
O bildirib ki, Azərbaycanda bununla əlaqədar son illər ərzində müəyyən addımlar artıq atılıb və qeyri-neft sektorunda müəyyən qədər artıma nail olunub: "Qeyri-neft sektorunun inkişafı ilə bağlı, kənd təsərrüfatı, aqrar sektorda, turizmdə müəyyən iqtisadi artıma nail olunub. Turizmlə bağlı müəyyən qədər problem var. Koronavirusla əlaqədar ümumiyyətlə, dünya turizmi çöküb. Azərbaycanda Novruz bayramı ərəfəsində ölkəyə gələn turistlərin sayında ciddi azalmalar olub. Həmişə İrandan gələn turistlərin hesabına bu sahə canlanırdı. İndi isə İrandan turist yoxdur. Dünyada da daha dərin problemlər var".
Ekspert iqtisadi canlanmanı təmin etmək üçün müəyyən təxirəsalınmaz addımların atılmasını tövsiyə edir: "Əgər neftin qiyməti uzun müddət belə aşağı həddə qalacaqsa devalvasiyaya getmək lazımdır. Ən azı 10-15 faiz manatın ucuzlaşdırılması lazımdır ki, neft sektorunda da bir stimul rolunu oynasın. İxracatın stimullaşdırılmasında ucuz manat həmişə ciddi rol oynamalıdır. Bu ilkin addımdır. Daha ciddi tədbirlər kimi, Dövlət Neft Fondunun vəsaitlərindən istifadə edərək böyük bir investisiya bankı yaradılmalıdır. Nizamnamə kapitalı təqribən 10 milyard manata yaxın olsa daha yaxşı olar. Kiçik və orta sahibkarlara müddətli kreditlərin verilməsi, aşağı faizli kreditlərin verilməsi ilə məşğul olunmalıdır. Qərarlar çox şəffaf şəkildə qəbul olunmalı və layihələr ciddi dəyərləndirilməlidir. Bu baş verdikdə yüz minlərlər yeni iş yerlərinin açılması, istehsal sahələrinin yaranmasına səbəb ola bilər. Minimum 3 illik, maksimum 7 illik, faiz dərəcəsi 3 faizdən kreditlərin verilməsi canlanmaya səbəb ola bilər".
İqtisadçı əlavə edib ki, xüsusilə vergi və gömrükdə faiz və rüsumlarda ciddi dəyişikliklərə getmək olar: "Vergi Məcəlləsi sadələşdirilə bilər. Dövriyyədən vergi prinsipinə keçilməlidir. Sahələr üzrə vergilərin aşağı səviyyəsindən məsələn, 2 faizdən başlayaraq 8 faizə qədər sahələr üzrə vergiləndirmə yəni, dövriyyədən vergiləndirmə dərəcəsi tətbiq etməli və digər bütün vergi növləri ləğv edilməlidir ki, iqtisadi canlanma olsun. İstehsalla məşğul olanlar 2 faiz, çünki istehsal vacibdir və stimullaşdırılmalıdır lakin, xidmət sahəsi məsələn, restoran və kafelər 8 faiz də vergi verə bilər. Çünki bu sosial məsələ deyil. Kimin pulu varsa o kafeyə və restoranlara getsin. Belə bir differensial yanaşmaya ehtiyac var".
Qeyd edək ki, ekspert dövlətin əlində olan və ziyanla işləyən müəssisələrin də uzunmüddət biznesə icarəyə verilməsi, özəlləşdirilməsi məsələsinin gündəmə gəlməli olduğunu deyir və bu müəssisələrin dövlət üçün artıq yük olduğunu vurğulayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB