"Manatın devalvasiyaya məruz qalacağı ehtimalı yoxdur" ŞƏRH

"Manatın devalvasiyaya məruz qalacağı ehtimalı yoxdur" ŞƏRH

“Son dövrlərdə qonşu ölkələrdə baş verən proseslər Azərbaycanda da devalvasiyanın mümkünlüyü ilə bağlı məsələni psixoloji olaraq gündəmə gətirib. Belə ki, türk lirəsinin, İranda mili valyutanın, o cümlədən Rusiyada rublun ABŞ dolları qarşısında aşağı düşməsi bizdə də manatın ucuzlaşacağı xəbərlərinə səbəb olub”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.

Azərbaycanda yaxın müddətdə manatın devalvasiyaya məruz qalacağı ehtimalının olmadığını deyən ekspert söyləyib ki, bu cür fikirlərin irəli sürülməsi psixoloji amillərlə bağlıdır: “Bilirsiniz ki, əgər bu cür fikirlər geniş yayılarsa, insanlarda xarici valyuta əldə etmək istəyi yarana bilər. Hazırda hökumətin sərəncamında kifayət qədər dollar vəsaiti var, əhalinin isə manatı azdır. Belə vəziyyətdə devalvasiya təhlükəsi çox aşağıdır. Bu baxımdan maarifləndirmə işləri gücləndirilməlidir. Yanlış informasiyalarla insanların mili valyutaya qarşı inamını sarsıtmaq olmaz”.

Ekspert qeyd edib ki, Azərbaycanda maliyyə sabitliyinin qorunması istiqamətində müvafiq qurumlar tərəfindən manitar siyasət həyata keçirilir: “Qonşu ölkələrdə valyuta ilə əlaqədar baş verən proseslərə nəzər yetirdikdə deyə bilərik ki, Azərbaycanda hazırda bu məsələ gündəmdə deyil”.

Ölkəmizin tam üzən məzənnəyə keçmə ərəfəsində olduğunu deyən R.Atakişiyev söyləyib ki, bu məsələ Strateji Yol Xəritəsində də öz əksini tapıb: “Bilirsiniz ki, bu məsələ 2016-cı ildə də gündəmə gəlmişdi. Hazırda tam üzən məzənnə sisteminə keçilməsə də, bu sistemə keçid milli valyutanın real məzənnəsində gəlib oturuşması deməkdir”.

Xatırladaq ki, bir müddət bundan öncə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov jurnalistlərə verdiyi açıqlamasında bunun şayiədən başqa bir şey olmadığını bildirmişdi. Baş bankir bunun üçün fundamental amil olmadığını və ölkənin valyuta ehtiyatlarının tələb-təklifdə 2 milyard təklifin xeyrinə olduğunu açıqlamışdı.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə