“Yaşıl çay” FT MMC İranın Rəşt şəhərində müqavilə bağlayıb

“Yaşıl çay” FT MMC İranın Rəşt şəhərində müqavilə bağlayıb

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı bu sahənin inkişafında yeni səhifələr açır.

Qeyd edək ki, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi çayçılığın daha sürətli inkişafı, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsinə səbəb olacaqdır. Proqramda həmçinin çayçılıq sahəsində mütərəqqi təcrübəsi olan xarici şirkətlərlə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət verilməsi nəzərdə tutulur.

İndiyədək 70 hektara yaxın sahədə çay plantasiyası salan “Yaşıl çay” fermer təsərrüfatı da yaşıl çay yarpağının istehsalını artırmaqla yanaşı, yığılan çayın daha müasir avadanlıqlarda emalı üçün də intensiv tədbirlər görür. Yaşıl çay yarpağı istehsalı ildən-ilə artdığı üçün emal müəssisəsinin genişləndirilməsi məqsədilə yeni avadanlıqların alınmasına da böyük ehtiyac yaranır. Bu günlərdə təsərrüfatın rəhbəri, tanınmış iş adamı Araz Yağubov çayçılıq sahəsində böyük təcrübəsi olan qonşu İran İslam Respublikasına səfər edib, İranın əsas çay istehsal edən Lahican şəhərində olub, burada çay plantasiyaları, emal müəssisələri ilə yaxından tanış olub. Araz Yağubov daha sonra Rəşt şəhərində innovativ üsulla müasir çay emal və qablaşdıran avadanlıqlar istehsal edən elmi-tədqiqat “AVİN” institutunda görüşlər keçirib. İnstitutun istehsal etdiyi müasir çay emalı və qablaşdırıcı avadanlıqları ilə tanış olub. Tanışlıqdan sonra Araz Yağubov institut rəhbərliyi ilə müasir çay emal edən və qablaşdıran avadanlıqların alınması barədə müqavilə imzalayıb.

Araz Yağubov deyir: "Aqrar sahəyə cənab Prezident İlham Əliyevin qayğısı ilbəil artır. Çayçılıqla bağlı təsdiq edilən yeni Dövlət Proqramını da aqrar sahənin inkişafını nəzərdə tutan əvvəlki sənədlərin məntiqi davamı kimi qiymətləndirirəm. Hazırda 70 hektara yaxın çay sahəmiz var. Əsas hədəfimiz çay sahələrinin həcmini 150 hektara çatdırmaqdır. Təsərrüfatın mini çay emalı fabrikində 16 adda çay məhsulu istehsal edilir. Çayçılığın inkişafına dair Dövlət Proqramı bizi daha həvəslə işləməyə, vaxtilə dünya şöhrəti qazanmış təbii Lənkəran çayının istehsalını ildən-ilə artırmağa, ölkədə ərzaq boluğu yaradılmasına sövq edir. “Yaşıl çay” FT MMC-nin rəhbəri kimi çalışıram ki, təbii çay istehsalında kəmiyyətlə yanaşı, keyfiyyət baxımından da uğurlarımızı ildən-ilə artıraq. Bu gün İran İslam Respublikasının Rəşt şəhərində çay fabrikimiz üçün müasir avadanlıqların alınması barədə bağladığımız müqavilələr də bu məqsədə xidmət edir".

Əlavə edək ki, yeni avadanlıqların alınmasıyla təsərrüfatın nəzdindəki fabrikin istehsal gücü artmaqla yanaşı, emal edilən quru çayın keyfyyəti daha da yüksələcək və quru çayın qablaşdırlmasında irəliyə doğru daha bir addım atılacaqdır.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə