Astarada sahibkarlara 420 min manat məbləğində güzəştli kreditlər verilib
İqtisadi İnkişaf Nazirliyinin (İİN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlığın inkişafına dövlət dəstəyinin həyata keçirilməsi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Astara rayonunda keçirib.
SİA-nın cənub bürosunun məlumatına görə, kredit yarmarkasında Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 300-ə yaxın sahibkar iştirak edib.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin sahibkarlığın dəstəklənməsi və təşviqi sektorunun böyük məsləhətçisi Zaur Nuriyev, İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Regionlarla iş və əlaqələndirmə şöbəsinin müdiri Qorxmaz Əfəndiyev ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin regionların inkişafına böyük təkan verdiyini, sahibkarlığın daha da inkişaf etdiyini vurğulayaraq, regionların inkişafında dövlət proqramlarının uğurlu icrasının önəmli rol oynadığını bildiriblər.
Sonra SKMF-nun icraçı direktoru Şirzad Abdullayev təmsil etdiyi qurumun fəaliyyəti və güzəştli kreditlər hesabına regionlarda həyata keçirilən layihələrdən danışıb. O bildirib ki, intensiv bağçılığın və tingçiliyin inkişafı üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbuluna başlanılıb və bu iş oktyabrın 21-ə kimi davam etdiriləcək.
Tədbir çərçivəsində sahibkarlar üçün həmçinin treninq keçirilib. Treninqdə biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə geniş məlumat verilib.
Daha sonra müvəkkil kredit təşkilatları vasitəsilə Astara və ətraf rayonlarda fəaliyyət göstərən 36 sahibkarlıq subyektinə 420 min manat məbləğində güzəştli kredit verilib.Verilən kreditlər hesabına 90 yeni iş yerinin açılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB