Vergidən niyə yayınırıq? REPORTAJ

İnkişaf etmiş bir çox ölkələrin büdcəsi əsasən vergi daxilolmaları hesabına formalaşır. Bu baxımdan vergidən yayınma hallarına qarşı ciddi mübarizə aparılır. Azərbaycanda isə vergidən yayınma ilə bağlı problemlər qalmaqdadır. Vergilər Nazirliyi vergilərin ödənilməsində könüllülük səviyyəsinin yüksəldilməsi üçün məlumatlandırma və təbliğat işlərinin gücləndirilməsinə xüsusi diqqət yetirir. Bu məqsədlə xidmət mərkəzlərinin sayı artırılır, vergi ödəyiciləri ilə silsilə görüşlər keçirilir. Vergi qanunvericiliyinə əməl edilməsi ilə bağlı intizamsız vergi ödəyicilərinə xəbərdarlıq bildirişləri təqdim olunur, vergilərin ödənilməsi və yaranmış sualların birbaşa cavablandırılması üçün "Açıq qapı" günləri və mətbuat konfransları təşkil olunur. Amma bütün bunlara baxmayaraq, hələ də bir sıra sahələrdə, xüsusilə ticarət və iaşə, habelə müəyyən qədər istehsal sahələrində vergidən yayınma halları çoxdur.

Vergilər Nazirliyi tərəfindən proqram təminatı vasitəsilə aparılmış təhlillər, mənbəyi məlum olan məlumatlar və sahələrə təhkim olunmuş vergi əməkdaşları tərəfindən aparılmış müşahidələr zamanı müəyyən edilmiş riskli vergi ödəyiciləri üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinin tələblərinin ciddi şəkildə pozulduğu aşkar edilməkdədir. Xüsusilə də, hazırda yoxlamaların sayının azaldılmasından sui-istifadə edərək vergidən yayınma hallarına yol verilir. Bəs nəyə görə vergidən yayınırıq? SİA məsələyə adınlıq gətirməyə çalışıb.

"Sahibkarlar bir sıra məqamları gizlədərək, vergidən yayına bilir"

"Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi" Liqasının sədri Sahib Məmmədov bildirib ki, Azərbaycan Prezidentinin tapşırığı ilə ölkədə sahibkarların fəaliyyəti üçün geniş imkanlar açılır ki, bu imkanlardan da biri onların yoxlamalardan azad olunmasıdır: "Hətta yoxlamalar olduqda əvvəlcədən Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətindən qeydiyyatdan keçilməlidir. Belə olan halda, sahibklar bir müddət sonra ona gələcəkyoxlama üçün hazırlaşır. Belə olan halda, sahibkarlar bir sıra məqamları gizlədərək vergidən yayına bilirlər. Lakin əslində onlar Azərbaycan Prezidentinin, dövlətin etimadından sui-istifadə etməməli, bundan bəhrələnərək bizneslərini inkişaf etdirməli, dövlətə vergi ödəməlidirlər. Yoxlamalar gücləndikdə isə bəzən sahibkarlara qarşı təzyiqlər artır, bu da qeyri-şəffaf hallara yol aça bilir. Buna görə də hesab edirəm ki, burada ortaq məxrəc tapılmalıdır".

"İnsanlar vergi verməmək üçün Əmək deyil, Mülki müqaviləyə üstünlük verirlər"

S. Məmmədov qeyd edib ki, bir çox hallarda insanlar vergi verməmək üçün işə Əmək deyil, Mülki müqavilə ilə qəbul olunmağa üstünlük verirlər: "İşəgötürənlər işçiyə bildirilər ki, əgər Əmək müqaviləsi bağlasaq, o zaman alınan məvacibin 14 faiz gəlir vergisinə, 3 faizi dövlət sosial sığorta fonduna və digər xərclərə ayrılacaq. Əgər işçi təxminən 500 manat məvacib alırsa, onun 100 manata yaxınını sadalanan xərclərə ödəməlidir. Belə olan halda, işçi bununla razılaşmır. Bununla da insanlar özlərindən çox sahibkara xeyir vermiş olurlar. Çünki, Əmək müqaviləsi ilə işə götürülən zaman işçi ilə yanaşı, sahibkar da hər ay Dövlət Sosial Sığorta Fonduna vəsait ayıraraq işçisini sığortalamış olur. Buna görə də sahibkar mülki müqavilə təklif etməklə yalnız işçidən 4 faiz sadələşmiş vergi və sosial sığortanın çıxmasına çalışır".

"İnsanlarımız "soğan olsun, nəğd olsun" prinsipi ilə yaşayırlar"

Liqa sədri söyləyib ki, nədənsə insanlarımız "soğan olsun, nəğd olsun" prinsipinə üstünlük verərək vergidən yayınmağa çalışırlar: "Vətəndaşlarımız anlamalıdırlar ki, vergi və sosial sığorta fonduna ayrılan vəsait onların öz hesabına yığılır. Belə olan halda, vətəndaşlarımız da sahibkarlar kimi vergidən yayınma prosesində iştirak etmiş olurlar".

"Vergidən yayınma ilə bağlı yeni mexanizmlər yaradılmalıdır"

"Ümumiyyətlə, vergilərin könüllü şəkildə ödənilməsi bütün dünyada problemdir. Kimin imkanı var vergidən qaçır. Amma elə ölkələr var ki, orada vergidən yayınanlara oğru kimi baxılar. Cəmiyyətin onlara qarşı münasibəti kəskin şəkildə pis baxılır. Hazırda ölkəmizdə də vergidən yayınma hallarının qarşısının alınması üçün müəyyən işlər görülür, Vergiləır Nazirliyi bukletlər buraxır, tədbirlər həyata keçirir. Bunun müəyyən mənada effekti də var. Lakin könüllü vergi ödəyicilərinin sayının artırılmasına ehtiyac var. İnsanlarımız bunu özlərində adət halına gətirməlidirlər. İnsanların vergidən yayınma hallarının qarşısının alınması üçün yeni mexanizmlər yaradılmalıdır. Bu mexanizmlər elə olmalıdır ki, vergidən yayınan şəxs məsuliyyətini hiss etsin"- deyə, S. Məmmədov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə