Suallarınıza radio vasitəsilə də cavab ala biləcəksiniz
Vergi ödəyicilərinin DİQQƏTİNƏ

"Hazırda sayı 55-ə çatmış xidmət mərkəzlərinə müraciət edənlər elektron xidmətlərlə yanaşı, şifahi suallarına cavab alır, yazılı müraciətlərini təqdim edir və hazır sənədləri götürə bilirlər. Təkcə 2015-ci il ərzində bu mərkəzlərə 390 minədək vergi ödəyicisi müraciət edib və onlara 580 minədək xidmət göstərilib. SİA-nın məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov deyib.

Elçin Məmmədov bildirib ki, bu mərkəzlərdə mobil nömrə vasitəsilə identikləşdirilən, asanlığı və rahatlığı ilə fərqlənən, vergi ödəyicisinin məlumatlarının təhlükəsizliyinə xidmət edən "ASAN imza"nın alınmasında da əməli kömək göstərilir: "Yaranma tarixindən 2015-ci ilin sonunadək 190 min 590 "ASAN imza" verilib ki, bunların bir hissəsi mərkəzlər vasitəsilə təmin olunub. Hal-hazırda müraciət edən şəxslərin məmnunluğunu və rahatlığını təmin etmək məqsədilə bütün xidmət mərkəzləri növbə, qeydiyyat, videonəzarət, səsyazma və qiymətləndirmə (sorğu keçirmə) sistemləri ilə təchiz olunub. Hər bir xidmət mərkəzinin girişində elektron növbə terminalı quraşdırılıb ki, bu da vergi ödəyicilərinə xidmətin təhlil üzərində qurulmasına imkan yaradır".

İdarə rəisi qarşıdakı dövrdə vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərdən danışaraq qeyd edib ki, hazırda "Fiziki şəxsin onlayn qeydiyyatı" və "Şəhadətnamə-dublikatın verilməsi" kimi elektron xidmətlərin təkmilləşdirilməsi üzərində işlər davam edir: "Dəyişiklik nəticəsində vergi ödəyiciləri hər iki xidmətdən 195 Çağrı Mərkəzinə zəng etməklə yararlana biləcəklər. 2016-cı ildən "İqtisadi zona" verilişinin radio formatının yayımına da başlamaq niyyətindəyik. Vergi ödəyiciləri hər həftə bir saat ərzində canlı yayımda suallarını SMS vasitəsilə interaktiv qaydada göndərərək, nazirliyin rəsmi nümayəndəsindən cavab ala biləcəklər. Proqramlarda Vergilər Nazirliyinin rəsmilərinin və ekspertlərin çıxışları da nəzərdə tutulur".

Bütün xəbərlər Facebook səhifəmizdə