Ruslan Atakişiyev: “Qiymətin düşməsi Konsepsiyaya müsbət təsir edir” AÇIQLAMA
"Dünya bazarında neftin qiymətinin dəyişməsi fonunda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının gələcəyi və reallaşması ilə bağlı məsələləri nəzərdən keçirdikdə buna iki aspektdən yanaşmaq olar". Bunu SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.
Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsinin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına həm müsbət, həm də mənfi təsirləri var.
Birinci məsələ ondan ibarətdir ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına məzmun baxımından müsbət təsir edir, ancaq fəaliyyət baxımından mənfi təsir göstərir. Neftin qiymətinin aşağı düşməsinin məzmun baxımından müsbət amili ondan ibarətdir ki, iqtisadiyyatın strukturunun mütləq təkmilləşdirilməsi lazım gəlir. İqtisadiyyat şaxələndirilməlidir və iqtisadiyyatda qeyri – neft sektorunun payı artırılmalıdır. İqtisadiyyatın formalaşması məsələsində Konsepsiyada bunlar nəzərdə tutulub: rəqabətə davamlı məhsulların artırılması, ixrac potensialının gücləndirilməsi, Azərbaycan məhsulunun dünyaya çıxarılması və həmçinin də qeyri –neft sektorunun iqtisadiyyatdakı payının ilbəil artırılması, əsas aparıcı rol oynamasının həyata keçirilməsidir. Bu məsələlər baxımından neftin qiymətinin dünya bazarında aşağı düşməsi bizə müsbət təsir göstərir. Çünkü məzmun baxımından da bu məsələlər köklənilməlidir".
Ekspert həmçinin qeyd etdi ki, insan kapitalının inkişaf etdirilməsi, texnoparklar və sənaye parklarının inkişaf etdirilməsi konsepsiya çərçivəsində qarşıya qoyulmuş əsas məsələlərdən biridir. Artıq dünya praktikasında xammala əsaslanan iqtisadiyyatın özünü doğrultmadığı da açıq şəkildə görünməkdədir: "Həmçinin sahibkarlığın inkişafı, innovasiyalı iqtisadiyyat inkişafı, o cümlədən nanotexnologiyaların tətbiq olunması, texnoparkların inkişafı, ölkədə sənaye parklarının inkişaf etdirilməsi, bütün bunlar informasiya texnologiyalarının tətbiqi məsələləri də önə çıxır. O cümlədən insan kapitalının inkişaf etdirilməsi məsələsi də önəm kəsb edir. Dünyada neftin qiymətinin aşağı düşməsi onu göstərir ki, xammala əsaslanan iqtisadiyyatın formalaşması bu günkü bazar iqtisadiyyatında özünü doğrultmur. Bu baxımdan iqtisadiyyatın digər resurslarının, xüsusən də texnoloji və elmtutumlu, o cümlədən də insan kapitalı tutumlu sahələrin inkişafına diqqət yetirilməlidir ki, gələcəkdə iqtisadiyyatın formalaşmasında müasir biliklərə və tələblərə cavab verən bilik və bacarıqlı kadrların formalaşması önə çəkilməlidir. Deməli belə olduğu halda götürdükdə neftin qiymətinin dünya bazarında düşməsi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına müsbət təsir göstərir. Ancaq fəaliyyət baxımından bütün bunlar konsepsiyaya mənfi təsir edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB